Rəşad Sadıqov: Topun əlimə dəydiyini hiss etmədim
30.07.2010 - 23:06
Rəşad Sadıqov: Topun əlimə dəydiyini hiss etmədim
“Normal oyun oldu. Yaxşı hazırlaşmışdıq. Azarkeşlər bərabər səviyyəli oyun izlədilər. Birinci hissənin əvvəllərində üstünlük rəqib tərəfdə idi. Tədricən oyunu bərabərləşdirdik. Fasilədən sonra isə matça nəzarət edən biz olduq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Rəşad Sadıqov deyib.

Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında Krakovda “Visla”nın məğlub edərək tarix yazan “Qarabağ” qələbəni heç də asan qazanmayıb. Meydanın palçıq olması futbolçuların tez-tez səhv etməsi ilə nəticələnirdi. Epizodların birində həm azarkeşlər, həm də rəqib komandanın oyunçular hakimə penalti təyin etmədiyinə görə, narazılığını bildirdi. Əslində, oyunu ekran başında izləyənlər də hakimin haqlı olduğu qənaətindədir. Topun həqiqətən Rəşad Sadıqovun əlinə dəyib-dəymədiyini onun özündən öyrənməyə çalışdıq: “Topun əlimə dəydiyini hiss etmədim. Azarkeşlərin və rəqib futbolçuların hakimə etiraz etdiyini gördüm. Həmin anda mən yıxılmışdım. Videoyazıya baxdıqdan sonra dəyib-dəymədiyini biləcəyəm. Yəni epizodu görməmişəm. Ancaq orada penaltidən danışmaq yersizdir. Heç qapımıza təyin edilən penalti epizodunda da hakim yanlışlığa yol vermişdi”.