Vinfred Şafer 2 futbolçunu “Bakı”dan uzaqlaşdırdı
02.08.2010 - 08:41
Vinfred Şafer 2 futbolçunu “Bakı”dan uzaqlaşdırdı
“Bakı” daha iki futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi müdafiəçilər Rafael Əmirbəyov və Elvin Əliyevlə vidalaşıb. Bu, “zolaqlılar”ın almaniyalı baş məşqçisi Vinfred Şaferin istəyi ilə baş tutub. Hər iki futbolçuya azad agent statusu verilib.

34 yaşlı Rafael hələ komanda “Dinamo” adlanan dövrdən onun şərəfini qoruyub, uzun illər “Bakı”nın kapitanı olub. O, “zolaqlılar”la iki çempionluq və kubok, bir gümüş və bürünc medal qazanıb. Əmirbəyov xeyli vaxtdır “Bakı”nın əsas heyətində yerini itirərək, daha çox ehtiyatda qalırdı.

26 yaşlı Elvin isə Rafaeldən sonra “Bakı”da kapitanlıq sarğısını daşıdı. Komandaya 2008-ci ildə “Olimpik”dən gələn cinah müdafiəçi bir çempionluq, kubok və gümüş medal qazandı. “Bakı”nın son ölkə kubokunu kapitanı Əliyev başı üzərinə qaldırdı. Müdafiənin hər iki cinahında oynaya bilən Elvin mövsüm bitəndən sonra zədə üzündən çıxış etmirdi.