Abdullayevin qolu yetərli olmadı
02.08.2010 - 10:23
Abdullayevin qolu yetərli olmadı
Avstriyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi çərçivəsində mini-turnirdə iştirak edib. Apasport.az saytının məlumatına görə, yığmamız qrupda «Dinqolfinq», «Vakker Burqhauzen» və «Freylassinq» klublarının nəzdindəki 19 yaşadək futbolçulardan ibarət komandalarla qarşılaşıb.

Adil Şükürovun yetirmələrinin «Dinqolfinq» və «Vakker Burqhauzen» klubları ilə oyununda heç-heçə qeydə alınıb - 0:0. 17 yaşadək futbolçularımız «Freylassinq»lə qarşılaşmanı da sülhlə başa vurub. 1:1 hesabı ilə başa çatan görüşdə komandamızın qoluna Tural Hümbətov imza atıb.

Mini-turnirin reqlamentinə görə, 3 oyundan 3 xal qazanan yığmamız yarımfinala vəsiqə qazanıb və «İnqolstadt» klubunun U-19 komandası ilə qarşılaşıb. Oyun 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Üçüncü yer uğrunda oyunda isə komandamız «Auqsburq» klubunun U-19-na 1:2 hesabı ilə məğlub olaraq turnirdə iştirak edən 8 komanda arasında 4-cü yeri tutub. Komandamızın heyətində Elşən Abdullayev fərqlənib.

Mənbə: affa.az