“Bu, peşəkar məşqçiyə yaraşan hərəkət deyil”
02.08.2010 - 10:30
“Bu, peşəkar məşqçiyə yaraşan hərəkət deyil”
“Qərar gözlənilməz oldu. Komanda ilə iki illik müqaviləyə imza atmışdım. Klub rəhbərliyinin bu addımına hələ də inana bilmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubundan uzaqlaşdırılan Elvin Əliyev deyib.

Mövsüm başa çatdıqdan sonra paytaxt təmsilçisi ilə yeni anlaşmaya imza atan müdafiəçinin xidmətinə ehtiyac duymayan “Bakı” rəhbərliyi dünən onunla müqaviləni qarşılıqlı şəkildə pozub. Zədəli olmasına baxmayaraq, komandanın Almaniyadakı toplanışına da qatılan Əliyev çempionatın startına bir həftə qalmış verilən qərarı ədalətli hesab etmir: “Vinfred Şafer peşəkar məşqçidir. O, mənim xidmətimdə maraqlı deyildisə, qərarını Almaniyada verərdi. İndi mövsümün başlamasına bir həftədən az vaxt qalıb. Bu peşəkar məşqçiyə yaraşan hərəkət deyil. Nə baş verdiyini bilmirəm, amma klubun vitse-prezidentləri Zeynal Məmmədovla Yaşar Seyidov mənim baş məşqçiyə lazım olmadığımı dedilər”.

Qərar dünən verildiyi üçün futbolçu hələ heç bir klubdan dəvət almayıb: “Yəqin Allah bir qapı açar. Hələlik heç bir klubdan dəvət almamışam”.