“Xəzər-Lənkəran”da oynamaq istəyirəm” - FOTO
02.08.2010 - 12:15
“Xəzər-Lənkəran”da oynamaq istəyirəm” - FOTO
“Hazırda milli komandanın düşərgəsindəyəm. Artıq ilk məşqimizi keçdik. Topla çalışmalara üstünlük verildi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun futbolçusu Vurğun Hüseynov deyib.

“Turan”la birgə Gürcüstandakı təlim-məşq toplanışında iştirak edən müdafiəçi mövsümü başqa komandanın, bir qədər də konkretləşdirsək, “Xəzər-Lənkəran”ın heyətində keçirmək istəyir. Hətta mövsüm başa çatdıqdan sonra Hüseynov “ağ-yaşıllar”la ilkin müqaviləyə də imza atıb. Lakin futbolçunun “Turan”la müqaviləsi olduğundan, müdafiəçi Tovuz təmsilçisinin düşərgəsində dönməyə məcbur olub: “Komanda əsasən yerli gənclərdən təşkil edilib. Təcrübələri az olmasına baxmayaraq, əzmkarlıq hesabına da olsa, digər rəqiblərə badalaq vuracaq gücdədir. Baş məşqçi Sakit Alıyev yaxşı kollektiv formalaşdırıb”.

Daha sonra “Xəzər-Lənkəran”a keçidi barədə məlumat verən 21 yaşlı oyunçu məsələnin yaxın günlərdə həllini tapacağını bildirib: “Turan”ın prezidenti Musa Süleymanovla görüşəcəyəm. “Xəzər-Lənkəran”da oynamaq istəyirəm. Yəqin ki, məsələ müsbət həllini tapacaq”.