Tunc Afşar: Julio Sezarın gəlişi bir qədər yubanacaq
02.08.2010 - 16:11
Tunc Afşar: Julio Sezarın gəlişi bir qədər yubanacaq
“Braziliyalı müdafiəçi Julio Sezarın bu gün Azərbaycana gəlməsi nəzərdə tutulmuşdu. Ancaq onun səfəri bir qədər yubanacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Tunc Afşar deyib.

Mərkəz müdafiəçisi axtarışında olan son ölkə kubokunun qalibi bu mövqeyə vaxtilə “Real” və “Milan”da oynamış Julio Sezarı gətirməyi qərara alıb. Afşarın sözlərinə görə, 32 yaşlı braziliyalı futbolçunun keçidi bu həftə reallaşmalıdır: “Sezar 2-3 gündən sonra gələcək. Bu da onun şəxsi məsələləri ilə əlaqədardır”.

Vitse-prezident 10 il öncə “Real”ın heyətində Çempionlar Liqasının qalibi olan Sezarın transferinin baş tutmasında problem görmür: “Məsələ 99 faiz həll olunub. Julio ilə müqavilə şərtləri razılaşdırıb. Anlaşmaya imza atması qalır ki, o da bura gələndən sonra baş tutacaq. Sezarla bir illik müqavilə bağlanması nəzərdə tutulub. Bu müddətdə bir-birimizi daha yaxından tanıyandan sonra gələcəkdə anlaşmanın müddəti uzadılması mümkündür. Əslində, Julio komandamızı qışdan tanıyır. Belə ki, həmin vaxt onun oynadığı “Qaziantepspor”la yoldaşlıq görüşü keçirəndə “Bakı” ilə tanışlığı olmuşdu. Ola bilsin ki, transferlərimiz Sezarla bitməyib, bir hücumçu da aldıq. Ancaq bu məsələ hələ dəqiqləşməyib”.

Qeyd edək ki, son mövsümü Türkiyə Superliqasında “Qaziantepspor” klubunda keçirən Julio 32 oyunda 1 qol vurub.