“Qarabağ” böyük qüvvə ilə müdafiə olunub, əks-hücumları gözləyəcək”
02.08.2010 - 18:02
“Qarabağ” böyük qüvvə ilə müdafiə olunub, əks-hücumları gözləyəcək”
“Avroliqada “Qarabağ”a uduzandan sonra hələ də üzgünük. Həmin pis oyunun təsiri altındayıq. Bunun niyə belə olması ilə bağlı nəsə demək çətindir. Yeganə təsəllimiz odur ki, biz bundan daha yaxşı oynaya bilərik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Polşanın “Visla” klubunun futbolçusu Pavel Brozek deyib.

Hücumçu “Qarabağ”la Krakovda keçirdikləri oyunun (0:1) əsas qol ümidlərindən olsa da, istəyinə nail olmadı. Brozek 4 il öncə UEFA kubokunda Yunanıstanın “İraklis” klubu ilə görüşün təkrarlanmasını arzulayır: “Həmin vaxt da evdə 0:1 hesabı ilə uduzmuşduq. Ancaq cavab görüşündə 2:0 hesabı qalib gələrək, növbəti mərhələyə keçdik. Ümid edirəm ki, bu, bir daha baş verəcək. Həmin oyunda həlledici qolun müəllifi olan Nikola Mihayloviç mənə qarşı qayda pozuntusundan sonra cərimə zərbəsindən qol vurdu”.

Pavel Bakıdakı isti havadan və güclü azarkeş dəstəyindən çəkinmir: “Bu, məni qorxutmur. Mən elə çılğın azarkeşlər qarşısında oynamışam və bu baxımdan problemim yoxdur. Havaya gəlincə, gördüyünüz kimi, Polşada da istidir. Əsas odur ki, ilk matçla müqayisədə daha yaxşı oynayaq. Mən bir dəfə Azərbaycanda oynamışam. Bu, gənclər yığmasının oyunu idi. Biz cümə, əsas komanda isə şənbə günü oynamışdı. Onda da pis oynamışdıq, hesab 1:1 olmuşdu”.

Hücumçu səfərdə necə oynamağın yolunu göstərib: “Əlbəttə, “Qarabağ”la cavab oyunu asan olmayacaq. Onlar yaxşı nəticə əldə edib və çox güman, böyük qüvvə ilə müdafiə olunub, əks-hücumları gözləyəcəklər. Biz ehtiyatlı, çətinliklə üzləşdiyimiz zamanı soyuqqanlı olmalıyıq”.