Beynəlxalq qurum Əfran İsmayılovun haqqını yedi
03.08.2010 - 10:15
Beynəlxalq qurum Əfran İsmayılovun haqqını yedi
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) cari ilin ən məhsuldar oyunçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıya dünya çempionatının ən yaxşı futbolçusu kimi “Qızıl top” mükafatını alan uruqvaylı hücumçu Dieqo Forlan başçılıq edir.

Madrid “Atletiko”sunun futbolçusu bu il beynəlxalq miqyasda 13 qol vurub. Onun 7-si yığmada, 6-sı klubda olub.

Siyahıda millidə və klubun heyətində avrokuboklarda vurulan qollar nəzərə alınır. Forlanın ən yaxın izləyicisi dünya çempionu olan ispaniyalı həmkarı David Vilyadır. Amma Vilyanın hesabında 12 qol var. Bunlardan 8-i yığmada, 4-ü klubda vurulub.
65 nəfərlik siyahıda ən azı 5 qol vuranların adının olması “Qarabağ”ın və Azərbaycan yığmasının yarımmüdafiəçi Əfran İsmayılovun siyahıya düşməsinə imkan yaradır. Hər halda, həmyerlimiz bu il yığmada 1 (İordaniya ilə səfərdəki yoldaşlıq görüşündə), klubunda beynəlxalq miqyasda 4 qol vurub. İsmayılov cari mövsümdə avrokuboklarda nəinki “Qarabağ”ın, ümumiyyətlə, ən sərrast oyunçumuzdur.

Ancaq İFFHS əməkdaşları Əfranı diqqətdən kənarda qoyub ki, bunu da 22 yaşlı futbolçuya qarşı haqsızlıq saymaq olar.

Mehman SÜLEYMANOV