Kənan Kərimov: “Gəncə”nin əsl gücü ilk oyunda bilinəcək
03.08.2010 - 12:35
Kənan Kərimov: “Gəncə”nin əsl gücü ilk oyunda bilinəcək
“Gəncə xeyli vaxt idi futbolsuz qalmışdı. Halbuki, bu şəhərin böyük futbol ənənələri, tarixi var. “Kəpəz” Azərbaycanın titullu klublarından olub. Əsas məqsədimiz azarkeşlərimizi yenidən stadionlara cəlb edib, Gəncə futbolunun əvvəlki şan-şöhrətini geri qaytarmaqdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun futbolçusu Kənan Kərimov deyib.

Ötən mövsüm I divizionun qalibi kimi Unibank Premyer Liqasına vəsiqə qazanan “Gəncə” ilk turda doğma meydanda “Simurq”la keçirəcəyi oyunun hazırlığını davam etdirir. Heyətini təcrübəli futbolçularla gücləndirən komanda qarşısına yüksək yerlər tutmaq məqsədi qoyub. Elə Kərimov da “Gəncə”nin çempionata 80 faiz hazır olduğunu düşünür: “Hazırda düşərgəmizdə gürcüstanlı və moldovalı futbolçular baxışdadır. Yəqin ki, məşqçilər korpusu qarşıdakı 2 gündə onlar haqda yekun qərar verəcək. Məncə, çempionatın başlamasına az qalmış heyətin tam komplektləşməməsi müəyyən problemlər yarada bilər. Buna baxmayaraq, məqsədimiz dəyişmir. Əsas məsələ ilk “altılığ”a vəsiqə qazanmaqdır. Komandamızın 80 faiz hazır olduğunu düşünürəm”.

Gəncəlilər hazırlıq keçmək üçün Gürcüstanda təlim-məşq toplanışında oldular. Qonşu ölkədə yoxlama görüşləri keçirən klub əsasən baxışda olan futbolçuları nəzərdən keçirdi. Təcrübəli futbolçu keçirilən oyunlar barədə fikir bildirərkən, bunun elə bir əhəmiyyət kəsb etmədiyini vurğulayıb: “Yoldaşlıq görüşlərinə əsasən, “Gəncə”nin hansı vəziyyətdə olduğunu deyə bilmərəm. Çünki bu cür görüşlərdə məşqçilər əsasən baxışda olan futbolçuları sınayır. Tez-tez əvəzetmələr olur. “Gəncə”nin əsl gücünü “Simurq”la oyunda görəcəyik. Düzdür, hər komandada olduğu kimi, bizdə də müəyyən problemlər var. Ancaq çempionatın startınadək bunları həll edəcəyik”.