“Emil Mpenza Bakıya gəlibsə, deməli, işlər qaydasındadır”
03.08.2010 - 14:16
“Emil Mpenza Bakıya gəlibsə, deməli, işlər qaydasındadır”
“Emil Mpenza Bakıya bu gün səhər saatlarında gəlib. Yol yorğunu olduğundan, komandanın məşqini kənardan izlədi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Heyətini gücləndirməyə çalışan paytaxt təmsilçisi Belçika yığmasının sabiq hücumçusu, son mövsümü İsveçrə “Syon”unda keçirən Emil Mpenza ilə müqavilə imzalamağa yaxındır. Əsədov bu işlə klub rəhbərliyinin məşğul olduğunu bildirməklə yanaşı, işlərin qaydasında getdiyini də vurğulayıb: “Onun transfer məsələsi ilə klub rəhbərliyi məşğul olur. Mpenza Bakıya gəlibsə, deməli, işlər qaydasındadır. Mpenza axşam fiziki hazırlıq üzrə məşqçimiz Covanni Melkiorrenin rəhbərliyi altında fərdi məşq edəcək. Sabah isə komanda ilə birgə hazırlığa qoşulacaq”.

Belçikalı futbolçunun komandaya kömək edəcəyini vurğulayan baş məşqçi onun gəlişinin gənclərdə də maraq oyadacağını deyib: “O, tanınmış, “ulduz” futbolçulardandır. Mpenzanın komandaya qoşulması gənc oyunçularda da müəyyən canlanma, stimul yaradacaq. Mpenzanın komandamıza kömək edə biləcəyinə inanıram”.