Nazim Süleymanov: Biz verilən qərara uyğun hərəkət edirik - MÜSAHİBƏ
03.08.2010 - 14:39
Nazim Süleymanov: Biz verilən qərara uyğun hərəkət edirik - MÜSAHİBƏ
AZAL klubunun baş məşqçisi Nazim Süleymanovun apasport.az saytına müsahibəsi

- Türkiyədə reallaşdırdığınız təlim-məşq toplanışı barədə nə deyə bilərsiniz?
- Toplanış pis keçmədi. İki həftə Qızılcahamamda olduq. 4 yoxlama oyununda gücümüzü sınadıq. Rəqiblərimizdən üçü Bank Asiya I liqasının təmsilçisi, digər komanda isə həvəskar idi. Nəticələr də pis olmadı – iki heç-heçə, iki qələbə. Düşünürəm ki, bundan da yaxşı ola bilərdi.

- Yəqin ki, oyunları izlədikcə, sizi narahat edən problemləri müəyyənləşdirdiniz. Hansı çatışmazlıqları qeyd edə bilərsiniz?
- Problem həmişə olub, yenə də olacaq. Demək olar ki, hər mövqedə problemlərimiz var. Yeni futbolçuların komandaya, mühitə uyğunlaşması üçün də zamana ehtiyac var. Türkiyə toplanışından əvvəl baxışa 2 nigeriyalı futbolçu dəvət etmişdik. Viza məsələsi həll olunmadığından, onları toplanışa apara bilmədik. Bakıda qaldılar və əvəzedici komanda ilə məşq etdilər. Onlardan artıq biri ilə müqavilə imzalamışıq və bu haqda açıqlama verilib.

- Bəs digər futbolçu barədə nə vaxt qərar veriləcək?
- Digər oyunçu da azarkeşlərə yaxşı tanışdır. Söhbət 2002/03-cu illərdə “Ayaks”ın formasını geyinmiş Pius İkediadır. Hələlik pis təsir bağışlamır. Əsas problem fiziki hazırlığı ilə bağlıdır. O, 6 ay futbol oynamayıb. Ailə problemləri ilə əlaqədar yaşıl meydanlardan uzaq qalıb. Yaxın 2 gün ərzində qərarımızı verəcəyik.

- Avqustun 7-də Unibank Premyer Liqasının ilk turuna start veriləcək. Mövsümə “Bakı” ilə matçla start verəcəksiniz. Rəqib barədə nə deyə bilərsiniz?
- “Bakı” çox güclü komandadır. Yaxşı transferlər reallaşdırıblar. Avropa Liqasında da yaxşı oynadılar. Hər iki matçda qələbə qazandılar. Düzdür, birinci oyuna görə, UEFA paytaxt klubuna texniki məğlubiyyət verdi. Ancaq bu komanda Avropa Liqasında oynamağa layiqdir. Əlbəttə, iki qələbə qazanıb mübarizəni dayandırmaq yaxşı olmadı.

- Bu oyundan nə gözləyirsiniz?
- Çətin, amma maraqlı olacaq. Onlarla Avropa Liqasından əvvəl oynamışıq. Ancaq o vaxtdan bəri müəyyən zaman keçib. Kim güclüdürsə, avqustun 7-də də qələbə qazanacaq.

- Komandanın qarşısına hansı məqsəd qoyulub?
- Bu il Avropa Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacağıq. Daha doğrusu, əvvəlcə ilk “altılığ”a düşməliyik. Yekunda isə mükafatçılar sırasında mövsümü qapamalıyıq.

- Heyəti komplektləşdirə bilmisinizmi?
- Haradasa 85-90 faiz. Bir neçə oyunçu var ki, onlarla da müqavilə imzalayacağıq. Aralarında yerli futbolçular da var.

- Reqlament barədə nə deyə bilərsiniz?
- Bunları zaman ortaya çıxaracaq. Arxada qalan mövsüm göstərdi ki, ilk “altılıq”da gərgin mübarizə getsə də, ikinci “altılıq” demək olar, yaddan çıxmışdı. Ona görə də ikinci “altılığ”a marağı artırmaq üçün işlər görülməlidir. Qaldı reqlamentə, biz verilən qərara uyğun hərəkət edirik.