Henrik Kasperçak: Bakıya qisas almağa gedirik
03.08.2010 - 15:04
Henrik Kasperçak: Bakıya qisas almağa gedirik
“Etiraf edirik ki, “Qarabağ”a məğlubiyyət hamımızı sarsıtdı. Evdə uduzacağımızı heç gözləmirdik. İndi biz Bakıya əvəz çıxmağa gedirik”. Apasport.az saytının məlumatına görə, bunu “Visla” klubunun baş məşqçisi Henrik Kasperçak bu gün keçirdiyi mətbuat konfransında deyib.

Avroliqada “Qarabağ”a Polşadakı matçda 0:1 hesabı ilə uduzan Krakov təmsilçisi məğlubiyyətdən xilas ola bilərdi. Ancaq təcrübəli hücumçu Matey Juravskinin son dəqiqədə penalti zərbəsini qapıçımız Fərhad Vəliyev dəf etdi. Kasperçak Juravskini günahlandırmağı düzgün saymır: “Məsələ penaltiyə gələndə, həmişə zərbənin necə alınacağı gündəmə gəlir. Juravski karyerasında indiyə kimi belə zərbə vurmamışdı. Dünyanın yaxşı futbolçuları da hərdən penaltidə dəqiq olmurlar. O, məşqdə bütün elementlər üzərində çalışır. Mübahisə etmək çətindir ki, Juravski zərbənin niyə mərkəzə vurdu? Bu, futboldur”.

Bakıya səfər öncəsi iddialı danışan təcrübəli mütəxəssis mərhələ keçmək şanslarını yüksək sayır: “Futbolçularımız cavab görüşündə ən yaxşı nəticə əldə etmək üçün hər şey edəcəklər. “Qarabağ” bizim üçün əl çatan komandadır. Rəqibi keçmək üçün hər şey edəcəyik. Məlumdur ki, ilk görüşdə komandamız hücumda zəif idi. Xüsusilə də, oyun quruculuğunda”.