“Visla” Krakova qalib qayıdacaq” - FOTO
03.08.2010 - 15:28
“Visla” Krakova qalib qayıdacaq” - FOTO
“Komanda rəhbərliyi düzgün siyasət aparmır. Onlar xüsusən də həyata keçirdikləri transferlərdə səhvlərə yol verirlər. Səviyyəsiz legionerlərin komandaya cəlb edilməsi və bəzilərinin Polşaya uyğunlaşmaması belə halların müşahidə olunması ilə nəticələnir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Visla” klubunun sabiq futbolçusu Miroslav Şimkovyak deyib.

Avroliqanın III təsnifat mərhələsində “Qarabağ”a 0:1 hesabı ilə uduzan “Visla” Şimkovyakı çox əsəbiləşdirib. 2001-2004-cü illərdə Krakov təmsilçisinin heyətində 91 oyuna çıxaraq, 13 qola imza atan pleymeyker komandasından belə məğlubiyyət gözləmirmiş. O bildirib ki, keçmiş klubu yerli futbolçulardan imtina edərək, Polşaya pul qazanmaq üçün gələnlərə möhtac qaldığı üçün çətin duruma düşüb: “Komanda əsasən gəlmələrə güvənir. Halbuki, onların çoxunu pul maraqlandırır. Bunun üçün Polşada yetişən futbolçulara da bel bağlamaq lazımdır”.

Polşa yığmasında da oynamış futbolçu bütün bunlara baxmayaraq, doğma komandasının Bakı səfərindən inamla dönəcəyinə əmindir. Onun fikrincə, “Visla” “Qarabağ”la cavab görüşündə tamam başqa futbol oynayacaq və vətənə qələbə ilə qayıdacaq: “Mən demirəm ki, komanda pis gündədir. Sadəcə, oyunu alınmır. Lakin inanıram ki, cavab matçında onlar əla oyun nümayiş etdirərək, Krakova cütün qalibi kimi qayıdacaqlar. Bir sözlə, Avroliqanın IV təsnifat mərhələsinə məhz “Visla” yüksələcək”.

Qeyd edək ki, “Qarabağ” və “Visla” oyunu avqustun 5-də keçiriləcək.