“Karvan” klubunun yeni baş məşqçisi müəyyənləşdi - FOTO
03.08.2010 - 16:20
“Karvan” klubunun yeni baş məşqçisi müəyyənləşdi - FOTO
Yevlaxın “Karvan” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, gələn mövsümdən I divizionda çıxış edəcək komandanı Vidadi Rzayev çalışdıracaq.

43 yaşlı Rzayevin son iş yeri “Qəbələ” klubunda seleksiyaçı məşqçi olub. O, Toni Adamsın Ramiz Məmmədovu baş məşqçi postunda əvəzləməsindən sonra gedənlər sırasında yer aldı.

Rzayev karyerası boyu “Karvan”da oynamasa da, bu, onun komandaya ikinci gəlişidir. Məsələ ondadır ki, veteran futbolçu 2007-ci ilin yayında Yevlax təmsilçisinin məşqçisi təyin olunmuşdu. Həmin vaxt Təbriz Həsənovun köməkçisi olan Rzayev yarım ildən sonra istefaya göndərilən məşqçi heyətində yer aldı.

Məşqçilik fəaliyyətinə həmin vaxt Yevlaxda başlayan Rzayev uzun illər birgə oynadığı, dostu Yunis Hüseynovun üç il öncə “Karvan”dan gedişindən sonra gəlmişdi. Həmin ssenari təkrar olunsa da, fərq bu dəfə onun baş məşqçi postuna keçməsidir.