Oxşar üslub, fərqli bazarlıq
03.08.2010 - 23:03
Oxşar üslub, fərqli bazarlıq
"Transfer pəncərəsi"nin bağlanmasına hələ bir ay qalsa da, artıq elita təmsilçilərimiz bazarlıqlarını başa vurmaq üzrədi. Bu da səbəbsiz deyil. Axı həftəsonu növbəti mövsümə start veriləcək. Odu ki, işini tədbirli tutanlar, məsuliyyətli olanlar yayda papaqlarını günə verməyib növbəti mövsüm üçün tədarük görüblər.

İlkin mənzərəyə əsasən deyə bilərik ki, növbəti mövsümdə yeni güc, yeni rəqabət görməyəcəyik: köhnə hamam, köhnə tas. Yalnız sonuncu çempionatın gedişində iddiasız duruma düşən "Simurq" bu dəfə başını başlara qoşmayacaq. Ötən il olduğu kimi "İnter", "Xəzər-Lənkəran", "Qarabağ", "Bakı", "Neftçi", "Qəbələ" və AZAL əvvəlcə ilk "altılığ"a düşmək, ardından biri oyundan kənar qalmaq şərti ilə digərləri medallar uğrunda mübarizə aparacaqlar.

Autsayderlər qrupunda da dəyişiklik olmayacaq. Daha doğrusu, bu il elitaya yüksələn "Gəncə" və MOİK qətiyyən qalıcı komandaya bənzəmir. Onlardan hansınınsa "Muğan", "Turan" və ya "Simurq"a badalaq vuracağı hazırkı anda inandırıcı görünmür.

Növbəti mövsümlə bağlı olan təsəvvürümüz sırf komandaların mövcud heyətində və fasilə dönəmində reallaşan transfer çalışmalarından qaynaqlanır. Çünki yaxşı heyət formalaşdıran kollektivlər artıq indidən rəqiblərindən ən azı bir addım öndə olacaqlar.

Klublarımız transfer çalışmalarında əsas legionerlərə üstünlük versələr də, əksəriyyəti fərqli bazarü üz tutdular və hələ də bu yöndə fəaliyyətlərini davam etdirirlər. Bunun başlıca səbəbi isə baş məşqçi amili ilə bağlıdı. Məsələn, "İnter"in baş məşqçisi Kaxaber Sxadadze yenə gürcülərə "çörək verdi", "Xəzər-Lənkəran"ın yeni çalışdırıcısı Mirça Rednik isə həmvətənləri olan rumınları ölkəmizə daşıyıb gətirdi.

"Transfer pəncərəsi" bağlanmasa da, klublarımzın futbolçu bazarlığına göz gəzdirməyi lazım bildik. Gəlin, birlikdə baxaq: kimin dəftərçəsində nə var?

İnter: 3 yerli, 6 əcnəbi

Hər zaman əcnəbi oyunçulara üstünlük verən "bankirlər" bu dəfə də əsasən qürbət eldə alış-verişlə məşğul oldular. Kaxaber Tsxadalze cəmi 3 həmyerlimizi - Arif Daşdəmirov (Qəbələ), Nizami Hacıyev (Xəzər-Lənkəran) və Camal Məmmədovu (Simurq) - sərəncamında görməyi lazım bildi ki, bunlardan sonuncusu vaxtı ilə "Standard"da gürcü çalışdırıcının rəhbərliyi altında oynayıb. Valeri Abramidze (Neftçi), Dmitri Kruqlov (Neftçi) və Mario Souza (Xəzər-Lənkəran) əcnəbi olsalar da, bizim üçün yad oyunçular deyillər. Hər üçü artıq neçə mövsümdü ölkəmizdə top qovur. Yeni adlara gəlincə, bunlar Jivko Jelev ("Styaua", Rumıniya), İlya Kandelaki ("Şturm", Avstriya), Daniel Genovdu ("Belasitsa", Bolqarıstan).

Bakı: 1 yerli, 6 əcnəbi

"Zolaqlılar" "İnter"lə eyni sayda yadelli oyunçu transfer edib. Amma yerli futbolçular barədə belə demək olmaz. Deyəsən, "Bakı" bircə Emin Cəfərquliyevdə (Neftçi) gizli istedad gördüyü üçün onunla kifayətlənib. Əcnəbilərə gəlincə, Junior Osvaldo (Xəzər-Lənkəran) adı bizə yaxşı tanışdı. Digərlərini isə yalnız Avroliqanın II təsnifat mərhələsində "Buduçnost"la ev və səfər matçlarında izləmişik. Ona görə də Dare Hibombe ("Timişoara", Rumıniya), Joel Epalle ("Bohum", Almaniya), İbrahim Karqbo ("Villem", Hollandiya), Cefferson Anqulo və Saşa Kaykut ("Boraç", Bosniya və Hersoqovina) barəsində indidən konkret nəsə demək olmur. Yalnız onu deyə biləri ki, vaxtı ilə Kamerun millisinin çalışdıran Vinfred Şafer Afrikada işlədəiyi müddətdən tanıdığı oyunçulara üstünlük verdi.

Qarabağ: 1 yerli, 2 əcnəbi

Ağdamlıların bu yay əcnəbilərə üstünlük verməsi sizi çaşdırmasın. Onsuz da yerli oyunçuların potensialına mükəmməl bələd olan Qurban Qurbanov lazım bildiyi futbolçuları işə başlayanda "Qarabağ"a gətirib. Digər tərəfdən, gənc çalışdırıcı zaman-zaman əvəzedici heyətdə yer alan oyunçulara da güvənir.
Konkret bu yayın transferlərinə gəlincə, "Qarabağ" sabiq oyunçusu Samir Abasov və yaxşı tanıdığımız Andrey Rubinlə (hər ikisi "İnter") gücləndi. Elnur Allahverdiyevin yerinə transfer olunan Ansi Aqolli isə ("Krivbass", Ukrayna) artıq Avroliqa matçlarında inamlı çıxışı ilə azarkeşlərin rəğbətini qazanıb.

Xəzər-Lənkəran: 4 yerli, 6 əcnəbi

Cənub təmsilisi də "Bakı" və "İnter" kimi hələlik 6 əcnəbi ilə güclənib ki, David İmedaşvili ("Olimpi", Gürcüstan) istisna olmaqla, digərləri - Stelian Stanku ("Braşov", Rumıniya), Denis Romanov ("Slaviya", Çexiya), Katalin Doman ("Arceş", Rumıniya) Dieqo Ruis ("Kasımpaşa", Türkiyə) və Konstantin Dorian Arbanas ("Şerif", Moldova) "Xəzər-Lənkəran"ın yeni baş məşqçisi Mirça Rednikin köhnə tanışlarıdı. Yerli oyunçulara gəlincə, Xaqani və Asif Məmmədovlar (hər ikisi "İnter"), Tural Cəlilov (Simurq) və Elnur Allahverdiyev (Qarabağ) növbəti mövsüm cənub təmsilçinin şərəfini qoruyacaq.

Neftçi: 4 yerli, 8 əcnəbi

Dəyişiklər astanasında olan "ağ-qaralar" ən çox yeni oyunçu alan kollektivdi. Lakin yerli oyunçulardan ikisini - Cavid İmamverdiyev, Orxan Həsənovu yeni transfer adlandırmaq olmaz. Çünki onlar "Karvan"dan icarədən dönüblər. Bu futbolçular sadəcə, yeni qurulan "Neftçi" üçün yenidilər. Amma Rauf Mehdiyev (Muğan) və Fərid Quliyev (Standard) ilk dəfə olaraq, "ağ-qara" formanı geyinəcəklər.

"Neftçi" xarici bazarda da bir ətək pul töküb. Artıq 8 oyunçunun - Slavko Georgiyevski ("Etnikos", Kipr), Denis Silva ("Qemio Prudente", Braziliya), Alessandro Viana da Silva ("İtuana", Barziliya), İqor Mitreski (ÇSKA, Bolqarıstan), Ruslan Qurbanov ("Rostov", Rusiya), Flavinyo ("Qremio Prudente", icarəyə götürülüb), Bahodır Nasimov ("Rubin", Rusiya, icarəyə götürülüb) və Vladimir Burdilinin ("Zakarpatye", Ukrayna) "işini bitirən" flaqman Emil Mpenzanın transferində də son nöqtəni qoymağa yaxındı.

Qəbələ: 4 yerli, 3 əcnəbi

Açığı, Toni Adams "Qəbələ"yə yeni baş məşqçi təyin olunanda düşünürdük ki, ingiltərəli mütəxəssis digərləri kimi köhnə tanış-tunuşların hamısını yığıb ölkəmizə gətirəcək. Amma bu baş vermədi. Adams bugünə kimi öncədən tanıdığı oyunçulardan yalnız Deon Bartonu ("Çarlton", İngiltərə) "Qəbələ"yə gətirib. Bruno Auqusto dos Anjos və Julio Sezar de Mora Almeyda isə ("San Paulo", Braziliya, icarəyə götürülüb) menecerlər vasitəsi ilə gətirilib.

Yeri gəlmişkən, Adams yeganə iddalı klubun çalışdırcısıdı ki, transfer dönəmində daha çox yerli oyunçunu heyətə cəlb edib. Doğrudu, fərq elə də böyük deyil. Amma önəmli olan odu ki, Arif İsayev, Ramin Quliyev (hər ikisi "Standard"), Nodar Məmmədov (Qarabağ) və Asəf Qədiri (Heftçi) etibarlı ələ düşüb.

AZAL: 1 yerli, 5 əcnəbi

"Təyyarəçilər" hələ ki, yalnız bir yerli oyunçu - Anar Həsənovla (Karvan) güclənib. Amma "Bakı"dan ayrılaraq hazırda AZAL-ın düşərgəsində məşq edən Elvin Əliyev də 1-2 günə rəsmi müqavilə bağlayacaq.
Nazim Süleymanovun əcnəbi seçinə gəlincə, bunlar menecerlər tərəfindən təklif olunanlardı. Zohair Benoahi ("Fenaihil", Küveyt), Lavel Abidun, Robert Petrov ("Slaviya", Bolqarıstan), Marius Kazlauskas ("Dunayska Streda", Slovakiya) və Qvidas Yuşkanın ("Banqa", Litva) necə oyunçu olması barədə təsəvvürümüz yoxdu.

Simurq: 7 yerli, 0 əcnəbi

Bir anda iddiasız kluba çevrilən Zaqatala təmsilçisinin işləri bərbad gedir. Doğrudu, komanda tanınmış mütəxəssis Qyoko Hacievskiyə tapşırılıb. Amma transfer məsələlərində durğunluq hökm sürür. "Simurq"un indiyədək yalnız Samir Əliyevlə (Neftçi) güclənməsi acınacaqlı gələcəkdən xəbər verir. Çətin ki, icarəyə gələn 6 gənc komandanın güclənməsinə kömək etsin.

Turan: 1 yerli, 1 əcnəbi

Hər zaman öz yetirmələri ilə qan-qan deyən Tovuz təmsilçisi yenə ənənəsinə sadiqdi. Təsadüfi deyil ki, indiyədək bir yeni futbolçu alınıb - Marko Tujina. "Qəbələ"dən icarədən dönən Vurğun Hüseynova isə yuxarıda qeyd etdiyimiz səbəblərə görə yeni oyunçu demək olmaz.

Muğan: 3 yerli, 4 əcnəbi

Salyan təmsilçisi fasilə dönəmində 7 oyunçu ilə güclənsə də, bunlardan yalnız ikisi – İliya Prodanoviç ("Zvijezda", Bosniya və Hersoqovina), İrfan Feyziç ("Olimpik", Bosniya və Hersoqovina) bizim üçün yeni simadı. Yerli oyunçular Ruhid Usubov (İnter), Elşən Məmmədov (Simurq) və Anar Nəzirovun (Standard), eləcə də xeyli vaxtdı ölkəmizdə top qovan Nikolay Petrov-Valev (Simurq) və Dan Pislanın (Standard) qabiliyyətinə bələdik.

Gəncə: 6 yerli, 4 əcnəbi

Premyer Liqanın debütantı geridə qalan müddətdə 10 oyunçu ilə güclənib ki, bunlardan 6-sı - Kənan Kərimov (Qəbələ), Xəyal Mustafayev (İnter), İzzətəli Süleymanov (Neftçi İSM), Ramal Hüseynov (Standard), Orxan Məmmədov, Samir Allahquliyev yerli oyunçulardı. Edis Kurtanoviçlə (Muğan) Georgi Seturidzeni (Standard) isə ötən mövsümdən tanıyırıq. Amma Vladimir Kozlenko ilə Zurab Dzavidaşvili hələlik bizə heç nə demir.

MOİK: 0 yerli, 0 əcnəbi

"Hərbçilər" sanki heç elitaya yüksəlməyib. İlkin görüntü belədi ki, MOİK çempionatın adına ləkə olmaq üçün premyer-liqada çıxış edəcək. Axı indiyədək heç bir transfer etməyən klubun elitada nə işi var? Düzdü, bir sıra yerli oyunçular, eləcə də iki gürcü baxışdadı. Amma onların heç biri ilə müqavilə rəsmiləşməyib. Hələ bu azmış kimi əsas komandayla əvəzedicilərin yoxlama matçında dalaşdığı üçün Aqşin Ömərovla Ramil Əliyev heyətdən kənarlaşdırılıb.

ŞAMO, “Ekspressfutbol” qəzeti