Əmirbəyovla Junivan “Gəncə”də
03.08.2010 - 23:09
Əmirbəyovla Junivan “Gəncə”də
"Bakı"nın baş məşqçisi Vinfred Şaferin yaxınlarda komandadan qovduğu oyunçulardan Vyaçeslav Sofroni bağışlanaraq klubda qaldığı, Elvin Əliyevin AZAL-la danışıq apardığı bir vaxtda sabiq kapitan Rafael Əmirbəyov axtarışdadı. Apasport.az saytının xəbərinə görə, təcrübəli oyunçunun "Simurq" və ya "Gəncə"dən birində peyda olacağı gözlənilir. Xüsusilə ikincilər Əmirbəyovun xidmətində daha çox maraqlıdı. Dünən "Gəncə"nin Rafaeli danışıq aparmaq üçün komandanın düşərgəsinə dəvət etdiyini öyrəndik. Elə AZAL-ın imtina etdiyi Junivan Suares də Fuad İsmayılovun sərəncamına yollanıb. Onların keçidi bu gün rəsmiləşməlidi.

Amma bu iki oyunçunun gəlişi də "Gəncə"nin yarasına məlhəm olmayacaq. Belə ki, indiyədək "Muğan"dan ayrılan Edis Kurtanoviç, eləcə də Zurab Dzadiaşvili və Vladimir Kozlenko ilə müqavilə bağlayan qərblilər digər legionerləri bəyənməyib. Dünənəcən komandanın düşərgəsində olan Aleksandr Jikul, Andrey Vitoşenski və nigeriyalı Omotayo haqda qərar verilməyib. Bosniyalı Mahir İftiç isə çox güman geri göndəriləcək. "Muğan"la müqaviləsi olan Samir Zərgərovun da transferi hələ tam həll edilməyib. Elə bu üzdən komanda heyətini formalaşdırmaqda çətinlik çəkir. Bu gün komandaya baxışa gəlməli olan holland yarımmüdafiəçi, eləcə də bir sıra digər oyunçular haqda qərar yəqin ki, çempionatın gedişində veriləcək. "Transfer pəncərəsi" bağlanana kimi gəncəlilər heyəti komplektləşdirməyə çalışacaq.

Qeyd edək ki, "Gəncə"nin yeni yerli futbolçuları Kənan Kərimov, Ramal Hüseynov, Xəyal Musafayev, Orxan Məmmədov, İzzətəli Süleymanov və Samir Allahquliyevdi.

Mənbə: “Ekspressfutbol” qəzeti