Qurban Qurbanov: Bizim potensial rəqibimiz “Visla”dır
03.08.2010 - 23:33
Qurban Qurbanov: Bizim potensial rəqibimiz “Visla”dır
Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi

- Artıq bir neçə gündür “Visla” ilə cavab qarşılaşmasının hazırlığını davam etdirirsiniz. “Qarabağ”ı cavab görüşünə hazır hesab etmək olarmı?
- Demək olar ki, hazırıq. Dünən sonuncu ağır məşqimiz idi. Bu gün yüngül məşq keçəcəyik. Dünənki məşqdə oyuna hazırlıq planımızı həyata keçirdik. Oyuna qədər tam hazır olacağıq.

- Heyətdə dəyişikliklər gözlənilirmi? Güvənəcəyiniz heyəti müəyyənləşdirmisinizmi?
- Yəqin ki, dəyişiklik olmayacaq.

- Andrey Rubinsin gəlişindən əsas heyətin üzvü Elvin Məmmədov ehtiyatda qalır. “Visla”nın oyun üslubun görə Rubinsi oynadırsınız, yoxsa Elvin rəqabətə tab gətirmir?
- Əlbəttə “Visla”nın oyun üslubuna görə Rubinsə şans verirəm. Elvin yaxşı formadadır, məşqlərdə çox fəaldır. Ondan istifadə etmək barədə düşünürük. Ola bilər ki, oyunun gedişində Elvinin xidmətindən istifadə edək. Cavab qarşılaşmasında nəticəyə görə oynamağa çalışacağıq. Ona görə hər bir oyun ərzində dəyişikliyə ehtiyac olarsa, ona şans verəcəyəm. Ancaq onu bilin ki, Elvin ilk “onbirliyin” üzvüdür.

- “Qarabağ” ilk oyunda çoxsaylı qol vəziyyətləri yaratsa da, bunların cəmi birindən istifadə edə bildi. Düşünmürsünüz ki, bu cavab qarşılaşmasında sizə problem yaradar?
- İndidən heç nə demək olmaz. İlk oyunda ilk vəzifəmiz qol buraxmamaq, maksimum isə qol vurmaq idi. Allahın köməkliyi ilə ilk oyunda hadisələr bizim istədiyimiz kimi cərəyan etdi. Bilmək olmaz, bəlkə də bu amil xeyrimizə olacaq. Oyuna daha ciddi yanaşırıq. Hər bir futbolçu ilə fərdi söhbətlərimiz olur. Tapşırırıq ki, hər biri əlinə düşən fürsətdən maksimum yararlansın.

- Şər deməsən, xeyir gəlməz. Əgər “Qarabağ” oyunun gedişində qol və ya qollar buraxarsa, A və ya B planınız varmı?
- Əlbəttə var. Lazım olduğu halda, həyata keçirməyə çalışırıq. İnşallah, belə bir şey olmaz. Ancaq bu futboldur, hər şey ola bilər. Yəni, qol vurmaq da olar, buraxmaq da. Çalışacağıq ki, oyun ərzində hansı vəziyyətdən asılı olmayaraq, sərfəli nəticə əldə edək.

- “Visla”nın 3 üzvü zədəli olduğu üçün cavab qarşılaşmasında forma geyinə bilməyəcək. Bu amili “Qarabağ” üçün üstünlük hesab etmək olarmı?
- “Visla” elə bir komandadır ki, 25-27 nəfərlik heyətin hər biri ilk “onbirlik”də oynamağa qadirdir. Ehtiyatda güclü futbolçuları var. Düşünmürəm ki, bu amil onlara nəsə ciddi təsir etsin. Fərdi oyun üslubu ilə seçilən futbolçuları var. Belə bir təcrübəli komandada əsas heyətin üzvünü layiqincə əvəzləyən futbolçular çoxluq təşkil edir. Yəni biri-birilərini kompensasiya edirlər. Heyətin əsas üzvü təcrübəli futbolçulardan təşkil olunub. Çoxu kifayət qədər avrokubok oyunları keçirib. Məncə, onların hansısa üzvünün oynamamasını bizim üçün üstünlük hesab olunmamalıdır.

- Krakovda kifayət qədər künc zərbələri vurmaq hüququ əldə etsək də, bundan yetərincə təhlükəli vəziyyət yarada bilmədik. Komandaya bu barədə tapşırıq vermisinizmi? Ümumiyyətlə, “Qarabağ”da belə bir çatışmazlıq hiss edirsinizmi?
- Standart vəziyyətlər elədir ki, ondan 3-5 oyundan bir istifadə olunur. Hər məşqdə bunun üzərində çalışırıq. Hər hansı bir düşünülmüş ev tapşırığı yerinə yetirməyin üzərində işləyirik. Bunu aradan qaldırmağa çalışırıq.

- Doğma meydan amilini “Qarabağ” üçün üstünlük hesab etmək olarmı?
- Evdə öz azarkeşlərin qarşısında oynamaq futbolçulara əlavə güc, stimul verir. Ona görə hər bir komanda evdə daha inamlı, güclü təsir bağışlayır.

- “Qarabağ” “Portadaun”la səfərdən sərfəli nəticədən sonra cavab qarşılaşmasında bir qədər arxayınlaşdı. Nəticədə hesab 1:1 başa çatdı. Düşünmürsünüz ki, “Visla” ilə oyunda da futbolçularda müəyyən arxayınçılıq yaransın?
- Düşünmürəm, çünki hamı çox gözəl dərk edir ki, boşalmaq olmaz. Çox güclü komandaya qarşı oynayırıq. “Visla” “Portadaun” deyil. Orada da onların güclərini hiss etdik, nəyə qadir olduqlarını gördük.

- Bəs növbəti mərhələyə çıxmaq şansınızı necə qiymətləndirirsiniz?
- Belə elə oyunlardır ki, hər iki komandanın şansı var. İlk oyunda sərfəli nəticə əldə etsək də, mən şansları 50-in 50-yə dəyərləndirirəm. Hər nəticə ola bilər. Ancaq növbəti mərhələyə çıxmaq üçün iki oyunun nəticəsi əsasdır.

- Potensial rəqiblərdən bizim üçün hansının uyğun olduğunu hesab edirsiniz?
- Heç bu barədə düşünmürük. Bizim potensial rəqibimiz “Visla”dır.