Maksim Medvedev: Allah bizə o anı göstərməsin
04.08.2010 - 10:11
Maksim Medvedev: Allah bizə o anı göstərməsin
“İlk oyun çox çətin keçmişdi. Hamı bilir ki, Bakıdakı oyun daha çətin olacaq. Çalışacağıq ki, müdafiədə maksimum diqqətli oynayıb, səhv buraxmayaq. Bunları yerinə yetirsək, məşqçinin də verdiyi tapşırıqları həyata keçirə bilsək, inanıram ki, qələbə qazana bilərik”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Maksim Medvedev deyib.

Sabah Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasında Polşanın “Visla” komandası ilə qarşılaşacaq “Qarabağ” oyuna ciddi yanaşır. Komandanın gənc müdafiəçisi səfərdəki nəticədən asılı olmayaraq, “Qarabağ”ın növbəti mərhələyə çıxmaq şansının elə də yüksək olmadığını düşünür: “Növbəti mərhələyə çıxmaq şansımız o qədər də yüksək deyil. Çünki “Visla” yaxşı komandadır. Baxmayaraq ki, səfərdə 1:0 hesabı ilə udmuşuq. Əsas məsələ oyundan qopmamaqdır. Qol buraxsaq, bu bizim üçün daha çətin olacaq. Qol buraxsaq belə, çalışacağıq ki, meydanı heç-heçə tərk edək. Ancaq imkanımız olarsa, bundan maksimum istifadə etmək lazımdır. Düşünürəm ki, hesabı qorumaq üçün müdafiə xəttində daha çox diqqət yetirəcəyik”.

21 yaşlı müdafiəçi rəqibin gücünə bələd olduqlarını üçün müdafiəyə daha çox diqqət yetirəcəklərini qeyd edib: “Rəqib “Visla”dır. Elə-belə komanda deyil. Bir qol vursalar, hər şeyə ortaq olacaqlar. Allah bizə o anı göstərməsin. Çalışacağıq ki, qapımızı toxunulmaz saxlayaq”.