“Neftçi”yə gələn futbolçu özünü sübut etməlidir”
04.08.2010 - 12:16
“Neftçi”yə gələn futbolçu özünü sübut etməlidir”
Azərbaycan yığmasının və “Neftçi” klubunun futbolçusu Rail Məlikovun apasport.az saytına müsahibəsi

- Milli komandanın təlim-məşq toplanışının gedişi barədə nə deyə bilərsiniz?
- Küveytlə oyun öncəsi bu cür toplanışın keçirilməsi bizə lazım idi. Çünki son iki ayı hər kəs öz klubunda keçirib. İndi yığmanın düşərgəsindəyik. Uşaqlar bir-birinə öyrəşir.

- Oyundan nə gözləyirsiniz?
- Matç doğma meydanda keçirilir. Ciddi hazırlaşırıq. Yeganə məqsədimiz qələbə qazanmaq və azarkeşlərimizi sevindirməkdir.

- Yeni mövsümlə bağlı nə deyə bilərsiniz?
- İlk oyunda “Qarabağ”la qarşılaşacağıq. Əvvəlcə onları Avropa Liqasındakı uğurlu çıxış münasibəti ilə təbrik edirik. O komandanın şərəfini qoruyan oyunçuların hamısı bizim fəxrimizdir. Yaxşı oyun olacaq. Qarşılaşma qardaşlıq ab-havasında keçəcək. Kim güclüdürsə, o da qələbə qazanacaq. “Neftçi”nin matça ciddi hazırlaşdığını qeyd edə bilərəm.

- Sizcə hansı komanda güclüdür?
- Kimin güclü olduğunu meydanda görəcəyik.

- Komandanın qarşısına hansı məqsəd qoyulub? “Neftçi” yenə iddialı ola biləcəkmi?
- Komandaya çox inanırıq. Heyətdə birlik, mehribançılıq öz yerini tapıb. Birlik olan yerdə də nailiyyət qazanmaq mümkündür. Bu il mövsümə ciddi hazırlaşmışıq. Yeni transferlərimizlə birgə, qarşıya qoyulan məqsədə çatmağa doğru addımlayacağıq. İnşallah, hər şey yaxşı olacaq. Mövsümlərarası fasilədə heyətə cəlb edilən futbolçular da komandaya tam uyğunlaşıblar.

- Bəs yığmadan Avro-2012-nin oyunları zamanı nə gözləmək olar?
- Ən əsası odur ki, yığma yaxşı oyun göstərəcək. 7 ballıq şkala ilə ölçsək, komandamız 5-ə layiq olacaq. Bunu tam səmimi deyirəm.

- Qrupdakı rəqiblərimizin əksəriyyəti tanış komandalardır. Bu amilin yığmaya köməyi dəyə bilərmi?
- Əlbəttə. Almaniya ilə son qrup mərhələsində qarşılaşmışıq. Digər yığmalarla da müxtəlif illərdə üz-üzə gəlmişik.

- Almaniya yığması ötən ilki komanda ilə müqayisədə çox fərqlənir. Onlar ilk oyunu səfərdə keçirəcəklər. Bizimlə matçda da ciddi hazırlaşırlar. Bu görüşdə yığmamız nə ilə yadda qala bilər?
- Əvvəlcədən nə isə demək mümkün deyil. Bu oyundur, hər şey yaşıl meydanda həll olunur.

- Emil Mpenza artıq “Neftçi”dədir. O, son mövsümü ehtiyatda keçirib. Onun “Neftçi”yə xeyri dəyəcək?
- Boş yerə futbolçu almazlar. Gəlibsə, yəqin xeyir verəcək. Özünü sübut etməlidir. Bu, “Neftçi”yə gələn bütün futbolçulara aiddir.