“Bu, tək mənim yox, bütün komanda yoldaşlarımın da fikridir”
04.08.2010 - 13:05
“Bu, tək mənim yox, bütün komanda yoldaşlarımın da fikridir”
“Hazırlığımız qaydasında gedir. Düzdür, havaların çox isti olması müəyyən qədər çətinlik yaradır”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Neftçi” klubunun futbolçusu Ruslan Abışov deyib.

Hazırda millinin təlim-məşq toplanışında iştirak edən müdafiəçi qarşıdakı oyunlarda uğur qazanmaq üçün bu cür toplanışların keçirilməsinin vacibliyini vurğulayıb. Avqustun 11-də Küveytlə yoldaşlıq, sentyabrın 7-də isə Almaniya ilə keçiriləcək rəsmi oyun haqqında danışan Abışov bunları deyib: “Küveyt və Almaniya ilə oyunlarımız var. Bu matçlara ciddi hazırlaşırıq. İnşallah, uşaqlar bunun bəhrəsini görəcəklər”.

“Neftçi” ilə ağır toplanışdan döndükdən sonra yığmanın düşərgəsinə yollanmağın çətin olub-olmadığına gəldikdə, müdafiəçi bunu ancaq xeyri olacağını bildirib: “Əksinə, bu məşqlər bizə müsbət təsir göstərəcək. Bunun nəticəsini çempionat oyunlarında görəcəyik. Bu tək mənim yox, bütün komanda yoldaşlarımın da fikridir”.

Yığmanın əksər oyunçuları “Qarabağ”ın düşərgəsində olduğundan Abışov həmin futbolçular üçün bir qədər darıxdıqlarını etiraf qeyd edib: “Əlbəttə, darıxdırıcı keçir. Artıq neçə vaxtdır bir yerdə çıxış edirik. Hamımız bir-birimizə öyrəşmişik. Fürsətdən istifadə edib, onlara uğurlar arzulayırıq. İnşallah, mərhələ adladıqdan sonra bizə qoşulacaqlar və Küveytlə oyuna bir yerdə hazırlaşacağıq”.

Daha sonra “Neftçi”nin yeni mövsümdəki hədəfləri barədə danışan futbolçu komandanın çox gücləndiyini və ancaq çempion olmaq üçün vuruşacaqlarını söyləyib: “Yeni futbolçular aldıq, güclü heyətimiz var. Ancaq çempion olmaq üçün mübarizə aparacağıq”.