Ruslan Əmircanovun sevə-sevə getdiyi yer
04.08.2010 - 14:12
Ruslan Əmircanovun sevə-sevə getdiyi yer
“Gün ərzində iki dəfə məşq edirik. Əsas üstünlük fiziki çalışmalara verilib”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Ruslan Əmircanov deyib.

Son vaxtlar formasını geyindiyi “Neftçi” klubundakı oyunu ilə diqqət mərkəzinə düşən və mütəmadi millinin toplanışına cəlb edilən müdafiəçi Küveytlə oyunqabağı bu cür toplanışın keçirilməsinin vacibliyini vurğulayıb: “Küveytlə oyunqabağı təlim-məşq toplanışının keçirilməsi vacib idi. Bu cür hazırlıq prosesi faydalı olur. İnşallah, oyunda da istədiyimiz nəticəni əldə edəcəyik”.

“Neftçi” ilə mövsümlərarası hazırlıq dövründə həm Avstriyada, həm də Türkiyədə toplanış keçirən Əmircanov yorğun olmadıqlarını və yığmanın düşərgəsinə sevə-sevə gəldiklərini bildirib: “Havanın isti olması ilə əlaqədar, yığmanın məşqçiləri futbolçuları çox yükləmirlər. Ancaq biz maksimum güc sərf etməyə çalışırıq. Çünki məşq prosesində bunu etməsək, oyun zamanı çətin olacaq. İsti havaya rəğmən, uşaqlar meydanda əllərindən gələni maksimum şəkildə yerinə yetirirlər”.