“Visla” klubunun prezidenti “Qarabağ”a məğlubiyyəti faciə saymır
04.08.2010 - 15:50
“Visla” klubunun prezidenti “Qarabağ”a məğlubiyyəti faciə saymır
“Komandamın məğlubiyyətini faciəyə çevirmək düzgün deyil. Yəni, heç bir zəlzələ baş verməyib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Visla”nın prezidenti Boqdan Basalaja deyib.

Avroliqanın III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşa təmsilçisi növbəti mərhələyə yüksələ bilməyəcəyi halda heç bir cəzaya məruz qalmayacaq. Gələcəyin komandasını qurduğunu deyən Basalajanın sözlərinə görə, ilk oyunda da qələbə qazanacaqlarını gözləsə də, bu alınmayıb: “Komandada yeni futbolçular var. Onların uyğunlaşma prosesi gedir. Bundan əlavə, heyətdə zədəlilərin də olması istədiyimiz oyunu göstərməyə imkan vermir. “Qarabağ”la ilk matçda qələbə qazanmaq istəsək də, bu alınmadı. Düzdür, məğlubiyyəti sevmirik, ancaq belə oldu”.

Cavab görüşünə nikbin baxan klub sahibi tezliklə komandada bütün məsələlərin yoluna düşəcəyini bildirib: “Komandamız hazırda bərpa dövrünü yaşayır. Yəni yenidən inkişaf yoluna qədəm qoyub. Azərbaycanda da lazımı nəticəni qazanmağa çalışacağıq”.

Qeyd edək ki, ilk matçda “Qarabağ”a 0:1 hesabı ilə uduzan “Visla” cavab görüşünə sabah çıxacaq.