Vüqar Nadirov: Yenə qol vuracağıma söz vermirəm
04.08.2010 - 23:04
Vüqar Nadirov: Yenə qol vuracağıma söz vermirəm
“Görüşə ciddi hazırlaşmışıq. Cavab qarşılaşması ilk oyundan da çətin olacaq. Azarkeşlərimizi, Qarabağ xalqını sevindirməyə çalışacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda Polşa təmsilçisi “Visla” ilə görüşdə qələbə qoluna imza atan “Qarabağ”ın hücumçusu Vüqar Nadirov deyib.

24 yaşlı hücumçu Krakovda olduğu kimi, bu günkü qarşılamada da rəqibi əks-hücumda cəzalandırmağı düşündüklərini deyib: “Visla” ilə oyunda ən böyük üstünlüyümüz kollektiv oyun üslubumuz olacaq. Ola bilsin ki, əks-hücumlarda rəqibi cəzalandırdıq. Düzdür, bu baş məşqçimizin verdiyi tapşırıqdan asılı olacaq”.

“Visla” ilə ilk oyunda 244 günlük qol orucunu pozaraq Avropa Liqasındakı yeganə təmsilçimizə vacib qələbə qazandıran Nadirov cavab görüşündə eyni uğuru təkrarlamağa söz vermir: “Cavab qarşılaşmasında qol vuracağıma söz verə bilmərəm. Hər bir futbolçu kimi, mən də düşən fürsətlərdən maksimum yararlanmağa çalışıram”.

Pley-off mərhələsinin bir addımlığında olan Ağdam təmsilçisi bunun üçün ilk növbədə “Visla” səddini aşmalıdır. Nadirovun səfərdəki qələbənin hesabına bu məsələni 60-70 faiz həll etdiklərini deyib: “Növbəti mərhələyə çıxmaq şansımız 60-70 faizdir. Ancaq tam arxayınlaşmaq olmaz. “Visla” ilə cavab görüşündə “Portadaun”la oyunda olduğu kimi, boşalma olmayacaq. İlk dəqiqədən sonuncu dəqiqəyədək “vuruşacağıq”. Çünki “Visla” “Portadaun”dan çox güclüdür”.