“Neftçi” telekanallara rəsmi müraciət göndərdi
04.08.2010 - 18:00
“Neftçi” telekanallara rəsmi müraciət göndərdi
“Biz 2010/11 mövsümündə komandamızın ev oyunlarının teleyayımı ilə bağlı açıq qapı elan edirik. Bu, tender yox, sadəcə, telekanallarımıza olan bir rəsmi müraciətdir. Yəni, onların belə istəyi varsa, danışıqlara hazırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu deyib.

Yeni mövsümdən Premyer Liqa təmsilçiləri ev oyunlarının yayımı ilə bağlı sərbəstliyə malikdir. Belə ki, seçimdə azad olan komandalar istənilən telekanalla anlaşa bilərlər. Əşrəfoğlu da təmsil olunduğu klubun yayımla bağlı çıxardığı qərarı açıqlayıb: “Neftçi” rəhbərliyi klubları danışıqlara dəvət edir. Onlardan yayımın müqabilində heç bir vəsait tələb olunmur. Əslində isə peşəkar qaydalara əsasən, klublar ev oyunlarının yayımını sataraq, bunun əvəzində müəyyən mənfəətə sahib olur. Bu, dünya praktikasında - İtaliya, İspaniya, İngiltərə, Fransa, Almaniya çempionatlarında da belədir. Düzdür, bu ölkələrin çempionatların səviyyəsini Azərbaycan Premyer Liqası ilə müqayisə etmək düzgün olmaz. Ancaq əvvəl-axır bizdə də belə tendensiya, telekanallar klubların oyunlarını yayımını əldə etməkdə maraqlı olmalıdır. Misal üçün, komandamız ilk turda avqustun 8-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ı qəbul edəcək. Hansısa telekanal belə maraqlı oyunu yayım hüququna malik olmaqla, reytinq qazana bilər”.

Uzun illər televiziya sahəsində çalışan Əşrəfoğlu telekanalların texniki imkanlarına da toxunub. O, telekanalların müxtəlif şirkətlərin maddi dəstəyi sayəsində də yayım hüququna malik olmalarının mümkünlüyünü vurğulayıb: “Futboldan kənar hansısa şirkət yayım məsələsində öz köməyini göstərə bilər. Yəni, pulu ödəməklə, yayım zamanı öz reklamını yerləşdirə bilər. Ancaq əfsuslar olsun ki, kanallarımız buna da getməyərək, bəsit yolu seçirlər. Klub oyunun yayımına görə kanala müəyyən məbləğ verməlidir. Ancaq bizim belə fikrimiz yoxdur. Reallığı nəzərə alaraq, ev oyunlarımızı yayımlamaq istəyən telekanaldan pul da istəmirik. Sadəcə, danışıqlar nəticəsində şərtləri razılaşdırıb, müqavilə bağlayacağıq. Kanallar tərəfindən maraq çox olarsa, yayımı yarıbayarı reallaşdırmaq, yəni çempionatı birinə, kubok oyunlarını digərinə vermək olar. İstənilən halda, bu, danışıqlardan asılı olacaq”.

Mehman SÜLEYMANOV