Mübariz Mənsimov tankerinə Mübariz İbrahimovun adını verdi
04.08.2010 - 18:30
Mübariz Mənsimov tankerinə Mübariz İbrahimovun adını verdi
“Palmali” Şirkətlər Qrupu tankerlərindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verib. Lent.az-ın “Palhaber”ə istinadən verdiyi məlumata görə, “Beşiktaş” Gəmiqayırma Zavodunda istehsal olunan “Armada” tipli tanker bu il oktyabrın 15-də suya endiriləcək.

Bu, “Beşiktaş” Gəmiqayırma Zavodunun “Palmali” üçün istehsal etdiyi ilk tanker olacaq.

“Palmali” Şirkətlər Qrupunun sahibi azərbaycanlı Mübariz Mənsimovdur.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov bu il iyunun 18-də cəbhənin Tərtər rayonunu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olub. 22 yaşlı Mübariz İbrahimovun meyiti ermənilər tərəfindən götürülüb və hələ də geri qaytarılmayıb.


İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısız, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək barədə sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinə Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etmək, Biləsuvar rayon İcra Hakimiyyətinə rayondakı küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etmək tapşırılıb.