Yeni formalarla inamlı qələbə - YENİLƏNİB
27.09.2010 - 18:53
Yeni formalarla inamlı qələbə - YENİLƏNİB
Bu gün Unibank Premyer Liqasında VII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, mövsümə uğursuz başlayan “Bakı” “Turan” üzərində inamlı qələbə qazanıb.

Oyuna yeni formalarla çıxan “zolaqlılar”a bu, düşərli olub. “Bakı” görüşün taleyini artıq ilk hissədə yeni transferlərinin sayəsində həll edib. Belə ki, fransalı müdafiəçi Stefan Borbikoni ilə yığmamızın hücumçusu Vaqif Cavadov hazırkı klublarında qol hesablarını açıblar. İkinci hissədə isə xorvatiyalı yarımmüdafiəçi Ernad Skuliş cərimə zərbəsindən ötürülən topu başla qapıya göndərib.

“Turan”ın gücü Rəşad Orucovun sayəsində təsəlli qoluna çatıb. Məhz “Turan”la oyunda uğurlu seriyanın başlanğıcını qoyacaqlarını rəhbərliyə söz verən “zolaqlılar” cari mövsümdə ən yaxşı oyununu keçirərək, ilk inamlı qələbəni qazanıb.

Qeyd edək ki, dünən keçirilməli olan görüş yağış üzündən bu günə təxirə salınmışdı.

27 sentyabr

18:00. “BAKI” – “TURAN” - 3:1
QOLLAR: Stefan Borbikoni, 22; Vaqif Cavadov, 31; Ernad Skuliç, 68 - Rəşad Orucov, 78
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Elnur Muradov