Ağasəlim Mircavadov lənkəranlı azarkeşləri qınadı
27.09.2010 - 12:14
Ağasəlim Mircavadov lənkəranlı azarkeşləri qınadı
“Xəzər Lənkəran” - “Neftçi” oyununa az da olsun baxdım. Onu deyə bilərəm ki, meydanda mübariz oyun getdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov deyib.

Vaxtilə “Neftçi” və “Xəzər Lənkəran”ı çalışdırmış təcrübəli məşqçi bu komandalar arasında keçirilmiş oyunların ən çox iştirakçısıdır. Belə ki, indiyə kimi 16 görüşün 13-də iş başında olan Mircavadov bu dəfə derbini kənardan izlədi. Onun fikrincə, matçın baxımlı alınmamağı komandaların ehtiyatlı olmaları ilə bağlı imiş: “Top orta xətdə az qalırdı. Komandalar meydanın mərkəzində az oynayırdı. Bu, elə görüş idi ki, kim qol vursaydı, o da qələbə qazanacaqdı. Elə də oldu, sonda vurduğu qol meydan sahiblərinə 3 xal gətirdi. Komandalar cari mövsümdə göstərdikləri oyunu nümayiş etdirdilər. Onlar risk etmək istəmirdilər. Çünki səhv olan zaman rəqib ondan istifadə edəcəkdi. “Xəzər Lənkəran” bir səhvin hesabına istəyinə çatdı. “Neftçi” ofsayd yaratmaq istəyən zaman səhvə yol verdi, arxada bir futbolçusu qaldı və lənkəranlılar da bundan yararlandılar”.

Prinsipial rəqiblərin Lənkərandakı növbəti görüşü də insidentlə yadda qaldı. Belə ki, komandaların azarkeşləri arasında qarşıdurma yarandı, “Neftçi”nin bayrağı yandırıldı. Asayiş keşikçiləri olayın böyüməməyi üçün “ağ-qaralar”ın fanatlarını saxladaraq, stadionun boşalmasını gözləyib. Baş verənləri eşidən Mircavadov azarkeşləri qınadı: “Oyunda baş verənləri görmək, ona dəqiq qiymət vermək, gərginliyi hiss etmək üçün gərək stadionda olasan. Mən həmişə demişəm ki, komandaların azarkeşləri bir-birinə mehriban olmalıdır. Ümumiyyətlə, stadiona gələn azarkeş azarkeşlik etməlidir. Ancaq təəssüf ki, bizdə əksinə olur. “Neftçi”nin bayrağının yandırılması mənfi haldır. Hansısa komandanın bayrağına zərər yetirmək yolverilməzdir”.

Mehman SÜLEYMANOV
0