Subaşiç 909 gün gözlədi, 22-yə çatdı
27.09.2010 - 13:24
Subaşiç 909 gün gözlədi, 22-yə çatdı
Branimir Subaşiç “Qəbələ” klubunda qol hesabını üçüncü oyununda açdı. Apasport.az saytının məlumatına görə, milliləşdirilən serbiyalı hücumçu çempionatımızda növbəti qolunu vurmaq üçün 909 gün gözləməli oldu. Subaşiç Unibank Premyer Liqasının son turunda “Qarabağ”la ev oyununda (2:1) 72-ci dəqiqədə yığmamızda sabiq komanda yoldaşı Fərhad Vəliyevin qapısından top keçirdi.

Ölkəmizə 2008-ci ilin yayında gələn Branimir “Neftçi”də çıxışı ilə tanınıb. O, bu komandanın heyətində keçirdiyi 3 ildə çempionatda 65 oyuna 21 qol vurmuşdu. Subaşiçin sonuncu qolu 2007/08 mövsümündə olub. Hücumçu XIX tur çərçivəsində martın 30-da “Bakı”nı 3:2 hesabı ilə yendikləri görüşün 3-cü dəqiqəsində hesabı açmışdı.

2008-ci ilin yayında vətəninə dönən Branimir “Neftçi”ni Serbiyanın ən titullu klubu “Srvena Zvezda”ya dəyişdi. Ancaq orada möhkəmlənə bilməyən Subaşiç ümumilikdə 15 oyuna 4 qol vurdu. Ötən il Çinin “Çanqçun Yatay” klubuna icarəyə verilən Branimir mövsümü gümüş medalla bitirdi. Bundan sonra müqavilə ilə məxsus olduğu Belqrad klubuna qayıdan 28 yaşlı serbiyalı futbolçu bir daha orada meydana çıxmadı.

Qeyd edək ki, Subaşiç 26 oyun keçirdiyi yığmamızın heyətində vurduğu 6 qolla bombardirlər siyahısında 3-cü yerdə gedir.

Mehman SÜLEYMANOV