Yunis Hüseynovun rekordu qırılmır ki, qırılmır
27.09.2010 - 14:32
Yunis Hüseynovun rekordu qırılmır ki, qırılmır
“Neftçi”nin özbəkistanlı legioneri Bahodir Nasimov veteran futbolçumuz Yunis Hüseynovun rekorduna çata bilməyib. Apasport.az saytının hesablamalarına görə, yayda Rusiyanın “Rubin” klubundan icarəyə götürülən hücumçu “ağ-qaralar”ın tarixində ən yaxşı oyunçulardan, uzun illər kapitanı olan Hüseynovun göstəricisini yarılamağa müvəffəq olub.

Sonuncunun 1992-ci ildə keçirilən ilk milli çempionatımızdakı rekordu belə gedişlə hələ uzun müddət əlçatmaz qalacaq. Belə ki, Hüseynov “Neftçi”nin heyətində 12 oyun dalbadal qol vurmuşdu. Özü də bu, ilk 12 turda qeydə alınıb. Onun seriyası Sumqayıtda “Xəzər”lə görüşdə qırılır ki, bu, “Neftçi”nin müstəqillik dönəmində ilk böyük hesablı məğlubiyyətidir (0:3).

Nasimov da ilk turdan başlayaraq qollarını sıraladı və bu, 6 oyun davam etdi. Həmin müddətdə 9 dəfə rəqib qapısına yol tapan Bahodirin VII turda “Xəzər Lənkəran”la səfərdə keçirilən derbi oyunda da buna nail olub-olmayacağı maraq doğururdu. Ancaq ilk dəfə meydanı qolsuz tərk edən özbək hücumçu ümidləri doğrultmadı.

Mehman SÜLEYMANOV