“İnter” mənim üçün xüsusi komandadır”
28.09.2010 - 08:35
“İnter” mənim üçün xüsusi komandadır”
Bakının “İnter” komandasının çexiyalı yarımmüdafiəçi Branislav Çervenka klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 35 yaşını qeyd edən legioner özünün ad günü haqqında danışıb.

- Ad gününüzü təbrik edirik! 35 yaşınız tamam oldu. Bu, futbolçu üçün sanballı yaşdır. Daha nə qədər oynamağı planlaşdırırsınız?
- Bilmirəm. Nə qədər gücüm və arzum var, o cümlədən səhhətim imkan verir oynayacağam. Başlıcası odur ki, sevimli klubum olan “İnter”ə xeyir verim. Bu, mənim üçün xüsusi komandadır.

- Artıq 4 ilə yaxındır ad gününüzü Azərbaycanda keçirirsiniz. Azərbaycanda keçirdiyiniz hansı ad günün yadınızda qalıb?
- Heç birini fərqləndirməzdim. Ona görə ki, bütün bayramlarım yaxşı keçir. Hər il ad günümü dostlarımın kampaniyasında şən qeyd edirəm.

- Amma komanda yoldaşlarınız “Gəncə” ilə qarşılaşmada sizi qələbə ilə təbrik edə bilmədilər...
- Bəli, elə mən də özümü təbrik edə bilmədim. Amma eybi yoxdur, belə də olur. Əsas odur ki, ruhdan düşməyəsən və oynamağı davam etdirmək lazımdır.

- Bu bayramınızı necə keçirəcəksiniz?
- Axşam mütləq dostlarımla qeyd edəcəyəm. Əlbəttə ki, ailəmlə-valideynlərimlə və həyat yoldaşım və övladımla birlikdə də ad günümü qeyd edəcəyəm.