Mahir Şükürov 2 zərbəni birdən aldı
28.09.2010 - 09:25
Mahir Şükürov 2 zərbəni birdən aldı
Rusiya Premyer Liqasının XXII turu Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov və onun çıxış etdiyi “Anji” klubu üçün uğursuz olub. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi Samarada “Krılya Sovetov”la oyunda böyük hesabla uduzub (0:3), Mahir isə artıq 30-cu dəqiqədə əvəzlənib.

Bu azmış kimi, Şükürov rus həmkarlarımız tərəfindən 4,5 bal alıb ki, bu da “Anji”nin heyətində ən aşağı qiymət olub. Artıq 15-ci dəqiqədə idmançıya yaraşmayan hərəkətinə görə qırmızı vərəqə alan kapitanı Rasim Tahirbəyovu itirən baş məşqçi Hacı Hacıyev hesab 0:2-ə çatandan sonra məcburi əvəzləmə etməli olur. Təcrübəli mütəxəssis yarımmüdafiənin sağ cinahında yer alan Şükürovu latviyalı müdafiəçi Oskars Klyava ilə əvəzləməyi üstün tutur. Ancaq bu da kömək olmur və hələ fasiləyədək daha bir qol vuran meydan sahibləri darmadağını rəsmiləşdirir.