Paulius Qribauskas: “Xəzər Lənkəran” udmadı, biz uduzduq
28.09.2010 - 10:46
Paulius Qribauskas: “Xəzər Lənkəran” udmadı, biz uduzduq
“Mən ötən mövsüm də "Xəzər Lənkəran"a qarşı oyunlarda çıxış etmişəm. Bu görüş də öz ab-havasına görə əvvəlkilərdən fərqlənmirdi. "Xəzər Lənkəran" kimi komandalarla matçda bəzən bir səhv oyunun taleyini həll edir”. Apasport.az-ın məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Paulius Qribauskas deyib.

24 yaşlı litvalı qapıçı klubun rəsmi internet saytına verdiyi açıqlamada Unibank Premyer Liqasının VII turunun “Xəzər Lənkəran”la qarşılaşması haqda fikirlərini bildirib: “Lənkəranda keçirilən oyun da istisna olmadı. Düşünürəm ki, həmin matçı "Xəzər Lənkəran" udmadı, biz öz səhvimiz üzündən məğlub olduq. Futbolda belə hallara rast gəlmək mümkündür, bir komanda yaxşı oynasa da, görüşdə pis təsir bağışlayan komandanın bəxti gətirir. Təbii ki, heyətimizdə yer alan bütün futbolçular bu vacib görüşdə yalnız qələbəyə köklənmişdilər. Komandamızın üzvləri meydanda var gücləri ilə mübarizə aparsalar da, görüşün son dəqiqələrində rəqibin bəxti gətirdi".

Qeyd edək ki, “Xəzər Lənkəran” “Neftçi” ilə oyunda 1:0 hesabı ilə qalib gəlib.