Alıyevin ikinci istefası
28.09.2010 - 11:06
Alıyevin ikinci istefası
“Turan”da gerçəkləşən baş məşqçi dəyişikliyi Unibank Premyer Liqasının 2010/11 mövsümünün ilk istefası olub. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisinin artıq sabiq baş məşqçisi olan Sakit Alıyev bu postda cəmi 7 oyun duruş gətirib.

“Bakı” ilə VII turun səfər oyunundan sonra istefaya göndərilən çalışdırıcı komandasını qələbəsiz tərk etdi. Yalnız 3 heç-heçə ilə təsəlli tapıb, 4 dəfə məğlub olan Alıyevin yetirmələri 5 qol vurub, qapısından 12-ni buraxıblar.

Bu, gənc çalışdırıcının “Turan”dakı ikinci istefasıdır. 2005/06 mövsümünün dövrələrarası fasiləsində, yəni 2006-cı ilin əvvəlində də baş məşqçi təyin olunan Alıyev 2008-ci ilin fevralında da Tovuz təmsilçisindən kənarlaşdırılmışdı. Həmin vaxt komandanı 64 oyuna çıxaran baş məşqçi 17 qələbə və 9 heç-heçə ilə yanaşı, 38 dəfə məğlubiyyətə şahid olmuşdu. Bu görüşlərdə top fərqi isə “Turan”ın xeyrinə deyildi – 64:97.