Musa Süleymanov: Zorla deyil ki... - MÜSAHİBƏ
28.09.2010 - 11:29
Musa Süleymanov: Zorla deyil ki... - MÜSAHİBƏ
Tovuzun “Turan” klubunun prezidenti Musa Süleymanovun apasport.az saytına müsahibəsi

- “Bakı”ya 1:3 hesablı məğlubiyyətdən sonra şok qərar qəbul edərək, hamını istefaya göndərdiniz. Bu, nə ilə bağlıdır?
- Onlar işlərinin öhdəsindən gələ bilmədilər. Düzgün taktika qurmağı, futbolçuları oynatmağı bacarmadılar.

- Deməli, məşqçilərdən narazı qalmısınız və istefa Sakit Alıyevin rəhbərlik etdiyi məşqçilər korpusuna aiddir?
- Bəli.

- Hesab edirsiniz ki, “Turan”ın potensialı sonuncu yerlərdə qərarlaşmağa layiq deyil? Hər halda, komandanız “Bakı” ilə görüşdə heç də pis təsir bağışlamadı...
- Əlbəttə. Problemlər də var. Rəqib bizə oynamağa imkan vermirdi, futbolçumuz Georgi Çediyanı tez-tez vururdular. Nəticədə ağrıdan oynaya bilmədi. Onun ayağına bəlkə də 30 təpik vurdular. Ancaq əsas problemimiz baş məşqçinin oyunu qura bilməməyidir. Sakit yaxşı oğlandır, Tovuzu, komandanı sevən insandır. Ancaq komandanı yığa bilmədi. Zorla deyil ki...

- Hər halda, “transfer pəncərəsi” bağlı olduğundan futbolçulardan imtina etmək məntiqə uyğun deyil...
- Bunun futbolçulara aidiyyatı yoxdur. Qərar əsas komandanın məşqçilər korpusu və ona bağlı olan işçilərə şamil olunur. Yəni, komandanın rəisi, top daşıyanı, bir sözlə, hamısı.

- Yəni texniki, inzibati, məşqçi heyəti...
- Bəli.

- Bəlkə futbolçular arasında da sizi narazı salanlar var ki, onları da kənarlaşdıracaqsınız?
- Legionerlər arasında da narazı qaldıqlarım var. Elələri ki, var oynamırlar. Onları niyə saxlayaq ki? Əvəzlərinə öz uşaqlarımızdan, tovuzlulardan istifadə edərik də. Belə fikrimiz var. 2-3 legioner saxlayıb, yerli futbolçularla birgə çıxışımızı davam etdirəcəyik.

- Legionerlərdən kimi saxlamaq fikrindəsiniz?
- Gürcüstan yığmasının üzvü Çediyanı saxlayıb, qalanlarına da baxacağıq. Türkiyəli müdafiəçi Muammer Erdoğdu da qala bilər.

- Belə demək olarmı ki, komandanı növbəti turda “Qarabağ”la ev oyununa bir müddət öncə məsləhətçi kimi dəvət etdiyiniz təcrübəli gürcü mütəxəssis Revaz Dzodzuaşvili çıxaracaq?
- Hələ bilmirəm. Fikirləşirik, düşünüb qərar verəcəyik.

- Dzodzuaşvilinin gətirilməsi nəyə hesablanmışdı: Təcrübəsi az olan Alıyevi əvəzləməyə?
- Onu gətirməklə, baş məşqçini dəyişmək fikrimiz yox idi. Dzodzuaşvilini dəvət etmişdik ki, təcrübəsi ilə bizə kömək etsən. Ancaq gördüm ki, belə alınmır.

- Təcrübə göstərir ki, belə alınmayacaq. Çünki baş məşqçi ola-ola gətirilən təcrübəli mütəxəssis bir növ onun başını üstündə “Domokl qılıncı”ı kimi olur...
- Əmələ gəlmir də. Bizdə də alınmadı.

- Alıyev gürcü həmkarı gələndən sonra artıq ruhdan düşüb, gec-tez çıxarılacağını gözləyirdi. Bu səbəbdən komandanı lazımınca hazırlaya bilmirdi və əsas problem bununla bağlı idi?
- Bunu deyə bilmərəm. Onun maaşı da dəyişməmişdi, baş məşqçi kimi nəzərdə tutulan məvacibi alırdı. Ancaq bir yerdə də olsalar, komandanı oynada bilmədilər.

- Olmazdı ki, Dzodzuaşvilini birbaşa baş məşqçi postuna gətirər, vaxt da itirməzdiniz?
- İstəmədim də. Komanda Tovuzundur, heyətin 90 faizi yerli oyunçulardır. Sakit də tovuzludur, onlarla birgə çalışıb. Sözün açığı, dəyişiklik etmək istəmədim. Ancaq indi məcburam.

- Bundan sonra komandanızla bağlı nəyə ümid edirsiniz?
- Komandanın potensialı çox yaxşıdır. Sadəcə, həmin gənc futbolçuları oynatmaq lazımdır. İnşallah, 2013-cü ildə çempion olmağa hazırlaşırıq. Bu mövsüm isə turnir cədvəlinin ortalarında olmalıyıq.

- Yəni cari mövsümdə ilk “altılığ”a düşməyə ümidiniz qalır?
- Əlbəttə.

- Klubda maddi, yaxud digər problemlər yoxdur?
- Hər şey yüksək səviyyədədir. Yalnız oynamaq və yaxşı baş məşqçi lazımdır. Mən Revazla işləməmişəm. Sadəcə, məşqçilik karyerası haqda məlumatım var, oxumuşam, eşitmişəm. Ancaq 100 faiz bilmirəm ki, Revaz oyunu quracaq, ya yox. Baxacağıq da.

- Baş məşqçi postuna digər variantlarınız var?
- Var, niyə yoxdur? O qədər variantlar var ki... Kim bacarsa, o da işləyəcək.

- Hər halda, Dzodzuaşviliyə ən azı qarşıdakı oyunlarda şans verəcəksiniz...
- Bəli.

- Eyni zamanda, başqa mütəxəssisləri də nəzərdən keçirəcəksiniz?
- Baxaq da. Görək Revaz necə işləyir.

- İstənilən halda, yeni baş məşqçiyə ən azından qışa kimi şans vermək lazımdır...
- Mənə də elə gəlir ki, ən azından belə olmalıdır. Bu müddətdə onun işini qiymət vermək imkanımız olacaq.

Mehman SÜLEYMANOV