“Rəqibimizin autsayder olması, heç kimi aldatmasın”
28.09.2010 - 12:48
“Rəqibimizin autsayder olması, heç kimi aldatmasın”
“Son oyunda qələbə qazandığımıza görə şadam. Mövsümün əvvəlindən heç də yaxşı nəticələr qazanmamışdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun kapitanı Qoqa Beraya deyib.

Qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan “Qəbələ” ilk turlarda heç də özünə bənzəmirdi. Əyalət təmsilçisi V tura qədər qələbə sevinci yaşamamışdı. Yalnız V turda Tovuzda “Turan”ı məğlub edən Adamsın yetirmələri doğma meydanda “siftə”ni şənbə günü edib. Avropa Liqasında 3 mərhələ adlayan “Qarabağ” meydan sahibləri qarşısında acız qalıb: “Biz rəqibdən daha yaxşı oynadıq. Bunun nəticəsində də qələbə qazandıq”.

Bir müddət əvvəl zədələndiyi üçün yaşıl meydanlardan uzaq qalan gürcü yarımmüdafiəçi Ağdam təmsilçisi ilə oyunda yenidən heyətə qayıdıb. Oyun təcrübəsi baxımından əziyyət çəkən futbolçunu baş məşqçinin etimad göstərməsi sevindirib: “Bu görüş zədəmi sağaltdıqdan sonra ilk qarşılaşma oldu. Əlbəttə, geri dönüşüm məni sevindirdi”.

“Qarabağ”ın güclü rəqib olduğuna da toxunan Beraya qələbənin davamının gələcəyinə inandığını bildirib: “Qarabağ” güclü komanda olduğunu sübut edib. Oyunun gedişində 2 top fərqi ilə irəli çıxmağımız asan qələbə qazanmağımız anlamına gəlməməlidir”.

Növbəti turda turnir cədvəlinin sonuncu pilləsində məskunlaşan “Simurq”la qarşılaşacaq “Qəbələ” Zaqatala səfərindən 3 xalla dönməyi və yığmanın oyunları ilə əlaqədar Premyer Liqada yaranacaq fasiləyə turnir cədvəlinin orta pillələrində yollanmağı düşünür: “Biz çox vacib xallar itirmişik. Artıq toparlanmağa çalışırıq. Məqsədimiz ilk “altılıq”a yüksəlməkdir. Bunun üçün mütləq qələbə qazanmalıyıq. Rəqibimizin autsayder olması, heç kimi aldatmasın. “Simurq”da müqavimət göstərməyə çalışacaq”.