Vaqif Cavadov: 291 günlük həsrət bitdi
28.09.2010 - 13:45
Vaqif Cavadov: 291 günlük həsrət bitdi
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov milli çempionatımızda növbəti qolunu vurmaq üçün 291 gün gözləməli oldu. Apasport.az saytının hesablamalarına görə, 21 yaşlı hücumçu bunu “Bakı” klubunun heyətində reallaşdırdı.

O, Unibank Premyer Liqasının VII turunda “Turan”ı 3:1 hesabı ilə yendikləri ev oyununda başla topu qapıdan keçirdi. Bununla, Cavadov nəinki indiki komandasında qol hesabını açdı. Vaqif müqavilə ilə məxsus olduğu Hollandiyanın “Tvente” klubunun heyətində bu yay bir neçə qola imza atsa da, bunlar yalnız yoxlama oyunları idi. O, bu müddətdə yığmamızın heyətində Avro-2012-nin seçmə mərhələsində sentyabrın 7-də Almaniyaya səfərdə 1:6 hesabı ilə uduzduğumuz rəsmi oyunda yeganə qolumuza imza atmışdı.

Vaqif Unibank Premyer Liqasında sonuncu qolunu ötən ilin dekabrın 10-da vurmuşdu. Həmin vaxt “Qarabağ”ın heyətində oynayan hücumçu Salyanın “Muğan” klubuna Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda 2:1 hesabı ilə qalib gəldikləri oyunda qələbə topunun müəllifi olub. Həmin mövsümün (2009/10) qış fasiləsində “Tvente”yə keçən Vaqif orada 8 ayda bir rəsmi oyun keçirə bilmədi. Onun təsəllisi komandasının bu müddətdə tarixində ilk dəfə ölkə çempionluğu və Superkuboku qazanması oldu.

Qeyd edək ki, “Tvente” ilə hələ 3 illik müqaviləsi olan Cavadov “Bakı”ya bir illiyə icarəyə verilib. O, “zolaqlılar”da qol hesabını üçüncü oyununda açdı.

Mehman SÜLEYMANOV