Nizami Sadıqov: “Turan”a qayıtmaq fikrim yoxdur
28.09.2010 - 14:25
Nizami Sadıqov: “Turan”a qayıtmaq fikrim yoxdur
“Sakit Alıyevin istefaya göndərilməsini sizdən eşidirəm”. Bunu apasport.az saytına açıqlamasında “Turan”ın sabiq baş məşqçisi Nizami Sadıqov deyib.

Həm futbolçu, həm də məşqçi karyerasının böyük hissəsi “Turan”la bağlı olan Sadıqov cari mövsümdən Zaqatalanın “Simurq” komandasında çalışır. Maraqlıdır ki, hazırda turnir cədvəlində son iki pilləsində Sadıqovun keçmiş və indiki komandaları tutur: “O qədər problemimiz var ki... Səhərdən axşamadək işləyirik. Düzdür, doğma “Turan” da yada düşür. Hər halda, uzun müddət bu komandada oynamışam, işləmişəm. Futbol elədir ki, hansı komandadansa, onun uğuru üçün çalışmalısan. İndi elə alınıb ki, “Turan”la turnir cədvəlində qonşuyuq. Çalışırıq ki, onu keçək. Gənc, perspektivli futbolçulardan ibarət “Simurq”u zəif saymıram. “Turan”ı da udmağa yaxın idik. 87-ci dəqiqədə bərabərlik qolunu vurdular. “Simurq”dan işimdən razıyam. Əl-ələ verib, komandanın bu vəziyyətdən çıxartmağa çalışırıq. “Turan”dan təklif almamışdım və geri dönməyi düşünmürəm”.

Sadıqovu onu “Turan”ın baş məşqçi postunda əvəzləyən Sakit Alıyevlə münasibətlərində problem olmadığını deyir: “Mən istefaya göndərilməmişdim. Mövsüm bitəndən sonra özüm çıxdım. Klubun prezidenti Musa Süleymanova fikrimi dedim və gedişimə problem yaranmadı. Köməkçim olan Alıyevin baş məşqçi təyin edilməsində problem görmədim. Hər halda, bir yerdə işləmişdik. Onun vəzifəsindən çıxarılması haqda bir şey deyə bilmərəm. Bu, rəhbərliyin qərarıdır. Yəqin ki, baş məşqçini nəticə verməyəndə çıxardırlar. Bildiyimə görə, Revaz Dzodzuaşvilini məsləhətçi kimi dəvət etmişdilər. Əlbəttə, yeni gələn mütəxəssis komandanı bir müddət kənardan izləyib, səviyyəsi ilə tanış olub, potensialını öyrənəndən sonra iş başına keçir”.

Mehman SÜLEYMANOV