Rəşad Sadıqov: Türklərə 3-4 futbolçumuza baxmağı məsləhət görmüşəm
28.09.2010 - 16:29
Rəşad Sadıqov: Türklərə 3-4 futbolçumuza baxmağı məsləhət görmüşəm
Azərbaycan yığmasının Avro-2012-nin seçmə mərhələsində ilk ev oyunu türkiyəlilərin böyük diqqət mərkəzində olacaq. Komandamızın oktyabrın 12-də Türkiyə millisi ilə Tofiq Bəhramov adına Respublika stadionunda görüşünü qardaş ölkənin məşqçiləri də izləyəcək.

Hazırda “Əskişəhərspor” klubunun düşərgəsində olan yığmamızın kapitanı Rəşad Sadıqov bir neçə futbolçumuzu türklərə məsləhət görüb. Bu barədə apasport.az saytına müsahibəsində Rəşad bildirib ki, həmyerlilərimizin Türkiyədə oynamasında maraqlıdır: “Türkiyəli məşqçi və menecerlər Bakıya gəlib, oyunu canlı izləyəcəklər. Adlarını demək istəmirəm. Sadəcə, məşqçilər var ki, yığmamızı izləməkdə maraqlıdırlar. Bir neçə futbolçu var, onların oyunlarına baxacaqlar. 3-4 nəfər məsləhət görmüşəm. Onlar Türkiyədə oynaya bilərlər. Təkcə “Qarabağ” yox, başqa komandalarımızdan da futbolçular var”.

Sadıqovla “Qarabağ”da və yığmamızda birgə oynayan Əfran İsmayılov əsas namizədlərdən olsa da, zədə ona ciddi maneçilik törədir. Artıq bir aydan çoxdur bu səbəbdən yaşıl meydandan kənarda qalan 22 yaşlı yarımmüdafiəçi hazırda Türkiyədə müalicə olunur. Rəşadın gedişindən sonra “Əskişəhərspor”da oynamaq istədiyini gizlətməyən Əfran təcrübəli həmkarından məsləhətlər alıb: “Əfran həmin futbolçular arasında yoxdur. Çünki zədə üzündən yığmamızın qarşıdakı görüşlərində də oynamayacaq. İsmayılov çox ciddi alıb. Srağagün yanımda idi. Ciddi söhbətimiz oldu. O, belə zədədən sonrakı karyerası haqda ciddi fikirləşməlidir. Ya bundan sonra yaxşı futbolçu olacaq, ya da elə zədədən sonra futbolçu kimi özünü itirə bilər. Buna görə də məşqlərə çox ciddi yanaşmalıdır”.

Mehman SÜLEYMANOV
0