Rəşad Sadıqov: Komandamızda atmosfer yaxşı deyil - MÜSAHİBƏ
28.09.2010 - 23:00
Rəşad Sadıqov: Komandamızda atmosfer yaxşı deyil - MÜSAHİBƏ
Azərbaycan yığmasının kapitanı, Türkiyənin “Əskişəhərspor” klubunun futbolçusu Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Baş məşqçiniz Rza Çalımbayın istefasından sonra “Əskişəhərspor” daha çox diqqət mərkəzindədir. Komandada vəziyyət necədir?
- Hazırda atmosfer yaxşı deyil. Baş məşqçimiz getdi, yenisi isə hələ gəlməyib. Bununla belə, futbolçular bir yerə yığışıb, oyuna yaxşı hazırlaşmağa çalışırıq. Çünki “Bucaspor”la ev oyunumuz çox vacib olacaq. Bu görüşdə də uduzsaq, özümüzü çətin vəziyyətdə saxlaya bilərik. Ona görə də “Bucaspor”la matçdan heç olmasa 1 xalla ayrılmağımız lazımdır. Bunu da nəzərə alaq ki, aramızda xal fərqi böyük deyil, cəmi 2 xaldır. Bu səbəbdən ən azı uduzmamalıyıq. İndi əvəzedici komandanın məşqçiləri bizi oyuna hazırlaşdırır.

- Mətbuatda müxtəlif namizədlərin adları hallanır. Sizcə, yeni baş məşqçiniz kim olacaq?
- Bilmirəm. Böyük ehtimalla yeni baş məşqçi “Bucaspor”la oyundan sonra gələcək.

- Komandada yeni futbolçusunuz və hələ debüt etməmisiniz. Bu mənada baş məşqçi dəyişikliyi daha çox sizi narahat etmir ki?
- Mən də bu haqda fikirləşmişəm. Futbolçu karyerasında hər şey olur. Yığmaya qədər oyun var və çalışacağam ki, yeni gələnin etimadını qazanmaq üçün özümü yaxşı tərəfdən göstərim. Yeni baş məşqçi özü ilə, öz sisteminə uyğun oyunçular gətirir. Ən azından qışa kimi burdayam.

- Belə çıxır ki, “Bucaspor”la oyunda meydana çıxacaqsan...
- Yox, bilmirəm. Buna məşqçilər qərar verəcəklər.

- Rza Çalımbay sizə şans vermədi. Bu, nə ilə bağlıdır?
- Onunla söhbətimiz oldu. Sadəcə, Çalımbay ağır oyunlarda risk etmirdi. O, məni də, komandanı da fikirləşirdi. Deyirdi ki, neçə vaxtdır Türkiyədə oynamırsan, oyunlar ağırdır. Ancaq mənə qarşı münasibəti yaxşıdır. Həmişə danışırdıq, hazırlaşmağı tövsiyə edirdi, oynatmağı çox istədiyini deyirdi. Ancaq qismət olmadı. Başımızı aşağı salıb, hazırlaşmaq lazımdır.

- Yəqin ki, Çalımbayın gedişinə ən çox təəssüflənənlərdən biri siz oldunuz. Hər halda, sizi komandaya o, gətirmişdi.
- Çalımbay burda çox futbolçuları transfer edib. Əlbəttə, sənə transfer edənin getməsi futbolçu üçün heç də yaxşı hal deyil. Ancaq yenə deyirəm, biz peşəkar idmançıyıq.

- Sonradan Çalımbayın qayıtması haqda da məlumatlar yayıldı. Hətta deyilənə görə, srağagün axşam sizi məşqə çıxarmalı imiş...
- Bunlar boş söhbətlər idi. Artıq bazar günü bilinirdi ki, komandadan ayrılır. Sadəcə, bəzi hüquqi məsələlər olduğundan, çağırılacağı gözlənilirdi. Ona görə də istefa vermirdi.

- Çalımbay özü getdi?
- Yox. Fikrimcə, rəhbərlik tərəfindən göndərildi.

- Türkiyəyə getdiyinə görə peşmançılıq yoxdur?
- Sözün düzü, yox. Məşqlərimi edirəm, baza, meydançalar gözəldir. Oynamasam da, həvəsdən düşmürəm. Öz üzərimdə işləyirəm, vaxtımı gözləyirəm. Bu, futboldur, nə vaxt şans verəcəklər, oynayacağam.

- Hərdən ruh yüksəkliyinizi qaldırmaq üçün sizi peynt-bol da oynadırlar...
- Əhval-ruhiyyəmizi qaldırmaq üçün aparmışdılar. Onu da qeyd etmək istəyirəm ki, komandamız son turda “Qaziantepspor”la görüşdə çox yaxşı oynadı. Sadəcə, top qapıya girmək istəmədi. Həm də rəqibin heyətində olan Litva yığmasının qapıçısı Jdrunas Karçemarskas güclü qapıçıdır və həmin oyunda da ustalığını bir daha sübut etdi.

- Mövqeyinizdə oynayan legionerlər – Vuçko və Nadareviçlə münasibətləriniz necədir?
- Çox gözəl. Heç bir problemimiz yoxdur. Qarşıdakı oyunlarda uğursuzluğa son qoymağa çalışacağıq.

- Yığmamızın Avstriya və Türkiyə ilə oyunlara çağırılmağınızla bağlı klubunuza faks gəlib?
- Faksı bilmirəm, ancaq zəng olub, biletlər ayrılıb. İnşallah, oktyabrın 2-də Vyanada olacağam.

- Belə çıxır ki, Türkiyədən Bakıya yox, birbaşa Avstriya paytaxtına gedəcəksiniz?
- Bəli. Çünki cümə günü çempionatda oyunumuz var. Bundan sonra Vyanaya gedəcəyəm. Bakıda indiki toplanış da FİFA-nın təqviminə uyğun olmadığı üçün gələ bilməzdim.

- Yığmamızın növbəti oyunlarına hansı-əhval ruhiyyədə gələcəksiniz?
- Yaxşı. Elə fikirləşirəm ki, qrupda mübarizə bizim üçün indi başlayır. Onsuz da Almaniya ilə səfər oyunu elə idi, istəyirsən, 1-ci yox, 5-ci, 10-cu oyunda olsun, həmin görüşdə böyük hesablı məğlubiyyətdən qaçmaq çətin olacaqdı. Almanların əhval-ruhiyyəsi elə idi ki, çıxıb rahat oynayırdılar. Dünya çempionatından sonra ilk ev oyunları idi, əhval-ruhiyyələri yaxşı idi. Ona görə də fikirləşirəm ki, Almaniya səfər oyunlarımız arasında ən ağırı idi. İnşallah, evdə tam başqa oyun olacaq. Qrupda oyunlar bizim üçün yeni başladığından yığmaya yaxşı əhval-ruhiyyədə gələcəyəm. Neçə vaxtdır oynamıram, oynamaq üçün darıxmışam. Avstriya və Türkiyə ilə görüşlərə yüksək əhval-ruhiyyədə hazırlaşacağam.

- Yaxşı hazırlaşmağınıza, formada olmağınıza şübhə yoxdur. Bəs klubunuzda ehtiyatda qalmaq oyun praktikası baxımından mənfi təsir etməyəcək?
- İnşallah, çox təsir etmir. Çünki özümə belə istirahətə lazım idi. Yorulmuşdum. Diqqət yetirsəniz, iyunun əvvəlində yığma səviyyəsində oynadığımız yoldaşlıq görüşündən sonra, 6-da təlim-məşq toplanışından qayıtdım, 10-da isə “Qarabağ”la Türkiyəyə hazırlığa getdim. Mən demək olar ki, bu yayı heç istirahət etməmişdim və 12 oyun keçirmişəm. Adətən yayda bu qədər oyun keçirmək yaxşı hal deyil. Yaxşı hazırlaşıb, 3-4 yoldaşlıq görüşləri ilə yay toplanışını başa vurmalısan. Ancaq biz Avroliqa da daxil olmaqla, çoxlu ağır oyunlar keçirdik. Buna görə həm psixoloji, həm mənəvi cəhətdən “təzə” olmağım üçün belə fasiləyə böyük ehtiyacım var idi. İnşallah, yeni əhval-ruhiyyə ilə qarşıdakı oyunlara hazırlaşacağam.

- Maraqlıdır, Türkiyədə yığmamızla qarşıdakı oyunla bağlı ajiotaj varmı? Bakıdakı görüşlə bağlı nə danışırlar?
- Sözün düzü, bu barədə hələ ajiotaj yoxdur. Fikrimcə, bu, oktyabrın 8-dən sonra olacaq. Çünki Türkiyə yığmasının həmin gün səfərdə Almaniya ilə çətin, vacib oyunu var. İndi hamı bu oyun haqda danışır. Ancaq fikirləşirəm ki, 8-dən sonra bizimlə oyun haqda çox ciddi danışılacaqlar. Türkiyə yığmasına Bakıda bizimlə oynamaq asan olmayacaq.

Mehman SÜLEYMANOV