“Qarabağ”da mənim yox, Əfranın yeri görünür” - FOTO
28.09.2010 - 18:09
“Qarabağ”da mənim yox, Əfranın yeri görünür” - FOTO
“Qarabağ”ın futbolçuları işlərinə daha ciddi yanaşmalıdırlar. Çempionatda iki oyunlarını izləmişəm. Deyə bilərəm ki, bu, onlara bənzəmir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun sabiq futbolçusu Rəşad Sadıqov deyib.

Avroliqada görüşlərindən sonra Türkiyənin “Əskişəhərspor” klubuna keçən təcrübəli müdafiəçi keçmiş komandasının oyunlarını kənardan izləyir. Cari çempionatda uğurlu oynamayan “Qarabağ”ın artıq hesabında 2 məğlubiyyət var. Görəsən, Sadıqov bunu da yorğunluq əlaqələndirir? “Məğlub olmaq, pis oynamaq olar, ancaq “Qarabağ” bu günə qədər həmişə xarakteri ilə seçilib. Komandanın ruhu olub. Sadəcə, o ruhu meydanda görmürəm. Fikirləşirəm ki, Avroliqa oyunlarının təsiridir. O cür səviyyəli oyunlarından sonra birdən-birə sintetik meydançalarda, Azərbaycan çempionatının oyunlarına köklənmək bir qədər çətin olur. Uşaqlara tövsiyə edərdim ki, Avroliqa oyunlarını başlarından atsınlar. Ən əsası, həmin istəklə oynamalıdırlar. “Qarabağ”da ustalıq, istedadlı futbolçular var, ancaq istək hesabına hər şey edərdik. O istək olmasa, “Qarabağ”ı uğursuz nəticələr qarşılaya bilər. Futbolçular bu haqda yaxşı fikirləşib, nəticə çıxarmalıdır”.

“Qarabağ”ın uğursuzluq zolağında düşməsində Rəşadın gedişi, yerinizin görünməsi haqda çox danışılır. Yığmamızın kapitanı isə fərqli fikirdədir: “Mən fikirləşirəm ki, Əfran İsmayılovun yeri daha çox görünür. Əfran “Qarabağ”da böyük fiqur idi. Xüsusilə, son oyunlarda. Əfran çox inamlı futbolçu idi, Avroliqada komandanı arxasınca daşıyırdı. Yəni xarakteri var idi, insan kimi də çox inamlıdır. Mövqeyimdə oynayan Zaur Həşimovun çıxışında problem görmürəm. Keçən mövsüm də elə oldu ki, biz Zaurla yarıbayarı oynadıq. O, həmin vaxt da əsas heyətin üzvü idi. Həşimov oyunların çoxunda iştirak etdi”.

Mehman SÜLEYMANOV