Joze Mourinyo mətbuat konfransından qaçdı
28.09.2010 - 18:30
Joze Mourinyo mətbuat konfransından qaçdı
İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyo futbol üzrə Çempionlar Liqasının II turunda Fransanın “Oser” komandası ilə keçirəcəkləri oyun öncəsi mətbuat konfransını vaxtından əvvəl tərk edib.

Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, Mourinyo jurnalistlərin ona bir neçə dəfə ünvanladığı “Yarımmüdafiəçi Pedro Leonu niyə oyunun sifariş ərizəsinə daxil etməmisiniz” sualından narazı qalıb.

Portuqaliyalı mütəxəssis bildirib ki, Leon nə Zinəddin Zidan, nə də Dieqo Maradonadır. Onun “Oser”lə görüşdə yoxluğu bu qədər sual doğurmamalıdır. Baş məşqçi Leonun İspaniya çempionatının ötən turunda “Levante” ilə matçda (0:0) oynadığını xatırladıb. Onun fikrincə, tez-tez çıxış etmək üçün məşqlərdə işləmək lazımdır.

Qeyd edək ki, Joze Mourinyonun iştirakı ilə rəsmi mətbuat konfransı sentyabrın 27-də olub. “Oser” – “Real” qarşılaşması isə sentyabrın 28-də Bakı vaxtı ilə 23:45-də başlanacaq. Hər iki komanda E qrupunda çıxış edir. İlk turda “Real” öz meydançasında Hollandiya “Ayaks”ını yenib – 2:0. “Oser” isə İtaliyada “Milan”a eyni hesabla uduzub.