“Finaldakı hadisələr yadımızdan çıxmayıb”
28.09.2010 - 23:05
“Finaldakı hadisələr yadımızdan çıxmayıb”
“Təbii ki, “Bakı” ilə oyun deyərkən ilk növbədə ötən mövsüm ölkə kubokunun finalında yaşanılan xoşagəlməz hadisələr yada düşür. Əlbəttə, həmin hadisələr yadımızdan çıxmayıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın braziliyalı futbolçusu Kristian Kabral deyib.

Həftəsonu Unibank Premyer Liqasının VIII turunda doğma meydanda “Bakı”nı qəbul edəcək Lənkəran təmsilçisi liderliyini davam etdirmək niyyətindədir. Rəqibin iddialı “Bakı” olması qarşılaşmaya olan marağı daha da artırır. Ötən mövsüm həm Unibank Premyer Liqasının son turunda, həm də ölkə kubokunun finalında “Bakı”ya məğlub olaraq titulsuz qalan “Xəzər Lənkəran” qarşılaşmaya revanşı kimi baxır. Cənub klubunun braziliyalı futbolçusu da məhz bu amili önə çəkir: “Çətin oyun olacaq. Bu qarşılaşmanı ötən ilki oyunların revanşı kimi görürük”.

31 yaşlı yarımmüdafiəçi liderliyə alın təri ilə yüksəldiklərini bildirərək “Bakı” ilə oyunda da qələbə qazanmağa çalışacaqlarını deyib: “Bakı”nın səviyyəli futbolçuları var. Bizə qarşı ən zəif rəqib belə maksimum güc sərf edir. “Bakı” çempionata bir qədər zəif başlayıb. Bəlkə də ən yaxşı oyunlarını bizə qarşı oynayacaqlar. Biz əbəs yerə lider deyilik. Alnımızın təri ilə liderliyə yüksəlmişik. Bunu “Bakı” ilə oyunda təsdiq etməyə çalışacaqğıq”.