“Baş məşqçi dəyişikliyinin necə effekt verəcəyini maraqla gözləyirəm”
28.09.2010 - 23:21
“Baş məşqçi dəyişikliyinin necə effekt verəcəyini maraqla gözləyirəm”
“Müalicəmi davam edir. Həkimlər 1 həftəyədək məşqlərə başlaya biləcəyimi deyiblər. Oktyabrın 7-də Azərbaycanda olacağam”. Bu sözləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun futbolçusu Muammer Ərdoğdu deyib.

“Turan”ın II turda AZAL-la oyundan sonrakı məşqdə zədələnən türkiyəli legioner o vaxtdan komandasına kömək edə bilmir. Hazırda vətəni Türkiyədə olan Ərdoğdu İstanbuldakı evində müalicə alır. “Turan”da baş verən dəyişikliklərdən xəbərdar olduğunu deyən 23 yaşlı müdafiəçi baş məşqçi əvəzlənməsinin nə kimi fayda verəcəyini maraqla gözlədiyini bildirib: “Sakit müəllimi və köməkçilərini istefaya göndərildiyindən xəbərim var. Ancaq onun yerinə kimin gələcəyini bilmirəm. Komanda tam komplektləşmişkən baş məşqçi dəyişikliyinin necə effekt verəcəyini maraqla gözləyirəm. Bu dəyişikliklə bağlı əlavə şərh vermək istəmirəm”.

1 aydan çoxdur məşq etməyən türkiyəli futbolçu ölkəmizə gəldikdən sonra məşqlərə başlayacaq. Futbolçu IX turda “Neftçi” ilə doğma meydanda keçirəcəyi oyunadək hazır formada olacağını sözlərinə əlavə edib: “1 həftədən sonra Azərbaycana gələcəm və məşqlərə başlayacağam. Formamı bərpa etmək üçün 10 gün kifayətdir. Çox güman ki, oktyabrın 17-də baş tutacaq “Turan” – “Neftçi” görüşündə meydandakı yerimi alacağam”.