Elxan Məmmədov: Bu yenilik özünü doğrultdu
29.09.2010 - 10:09
Elxan Məmmədov: Bu yenilik özünü doğrultdu
“Azarkeşlərin bilet əldə etməklə bağlı problemlərlə üzləşməməyi, bilet almaq üçün vaxt itirməməyi, ümumiyyətlə, bu məsələdə rahatlığın təmin olunması məqsədilə AFFA xeyli müddətdir milli komandanın oyunları üçün biletlərin müxtəlif satış məntəqələrini təşkil edir. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçiriləcək Azərbaycan – Türkiyə oyunu da bu baxımdan istisna deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Yığmamız Avro-2012-nin seçmə mərhələsində ilk ev oyununu oktyabrın 12-də Bakıda Türkiyə millisi ilə keçirəcək. Artıq bu oyunla bağlı təşkilati işlərə başlayan AFFA bilet satışına xüsusi diqqət yetirir. Məmmədovun sözlərinə görə, həmin görüşə biletlərin satış sistemi Küveytlə Bakıdakı yoldaşlıq görüşündə olduğu kimidir: “Xəbər verildiyi kimi, Türkiyə ilə oyuna bilet satışı üçün “Park Bulvar” Alış-Veriş Mərkəzində və Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında xüsusi məntəqələr təşkil edilib. Bundan əlavə, bilet almaq üçün AFFA-nın Marketinq və Reklamlar Departamentinə də müraciət etmək olar. Avqustun 11-də keçirilmiş Azərbaycan – Küveyt oyunu ərəfəsində AFFA biletlərin yeni satış sistemini tətbiq etdi və bu yenilik özünü doğrultdu. Millimizin Türkiyə yığmasına qarşı keçirəcəyi oyun üçün də biletlər bu sistem əsasında satılır. Yeni satış sistemində ilk növbədə azarkeşlərin rahatlığı nəzərdə tutulub. Satış məntəqəsinə yaxınlaşan azarkeşlər burada quraşdırılmış monitorlar vasitəsilə fotoşəkillərə baxmaqla, bilet almaq istədikləri sektordan meydançanın necə göründüyü barədə məlumat əldə bilərlər”.

Baş katibi bildirib ki, Azərbaycan – Türkiyə oyununa marağın böyük olmasını nəzərə alaraq, biletlər görüşün keçiriləcəyi gündən təxmin 1 ay əvvəl satışa çıxarılıb: “Ümumiyyətlə, AFFA azarkeşlərin rahat şəkildə bilet almasını təmin etmək üçün demək olar ki, millinin bütün oyunlarına satışı məhz bu müddət ərzində həyata keçirir. Məlumat üçün bildirim ki, artıq bu oyun üçün 3500-dən artıq bilet satılıb. Bir daha qarşılaşmaya marağın böyük olduğunu xüsusi vurğulayaraq, azarkeşlərə tövsiyə edərdim ki, bilet almaq məsələsini təxirə salmasınlar və artıq indidən stadionunda bəyəndikləri sektorunda özlərinə yer təmin etsinlər”.
0