“Karyeramı “Xəzər Lənkəran”da bitirmək istərdim” - FOTO
29.09.2010 - 11:46
“Karyeramı “Xəzər Lənkəran”da bitirmək istərdim” - FOTO
“Xəzər Lənkəran”da 150-ci oyunumu keçirdiyimi bilmirdim. Düşünürdüm ki, yubiley matçım növbəti turda “Bakı” ilə Lənkərandakı görüşdə olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Alim Qurbanov deyib.

Yarandığı vaxtdan – 2004-cü ilin yayından komandasının şərəfini qoruyan 33 yaşlı yarımmüdafiəçi ötən həftə 150-ci oyununu keçirdi. Alim növbəti yubileyinə yaxınlaşdığını bilsə də, bunun VIII turda “Bakı” ilə oktyabrın 2-də keçiriləcək ev oyununa olacağını düşünürmüş. İndi onun növbəti hədəfi “Xəzər Lənkəran”ın heyətində ən çox oyun keçirən, bir ildən artıqdır “Neftçi”də forma geyinən Rəşad Abdullayevi qabaqlamaqdır: “Ola bilsin ki, “Bakı” ilə matçda 150-ci oyumu keçirməklə bağlı mənə forma verildi. Yadımdadır, 100-cü oyunum zamanı belə forma almışdım. Bilirəm ki, Rəşadın hesabında 155 oyun var. İnşallah, onun keçərək, yeni rekordçu olaram. Hər halda, hər futbolçuya bir klubda 6-7 il oynamaq qismət olmur. “Xəzər Lənkəran” karyeramda ən çox keçirdiyim klubdur. Sevinirəm ki, yubileyimi layiqli qələbə ilə qeyd etdim”.

Qurbanov “Xəzər Lənkəran”da oynadığı əvvəlki vaxtdan fərqli, son illərdə əsas heyətdə yerini itirib. Daha çox ehtiyatda qalan təcrübəli futbolçu bu səbəbdən 150-ni gec haqladı: “Yeni baş məşqçimiz Mirça Rednik yavaş-yavaş mənə şans verir. Hər şey özümdən asılıdır. Ola bilər ki, karyeramı elə “Xəzər Lənkəran”da bitirdim. Mən bunu istərdim”.

Mehman SÜLEYMANOV