“Biz Rəşad Sadıqovu “sındırmaq” istəmədik”
29.09.2010 - 12:17
“Biz Rəşad Sadıqovu “sındırmaq” istəmədik”
Türkiyənin “Əskişəhərspor” klubunun sabiq baş məşqçisi Rza Çalımbayın apasport.az saytına eksklüziv müsahibəsi

- İstefaya göndərilməyiniz nə ilə bağlıdır?
- Komandanın yaxşı çıxış etməsi üçün hər şeyi etdik. Ancaq hər şey istədiyimiz kimi olmadı. Qarşılaşmalar zamanı daha çox başqa şeylər baş verdi. Bunlar mənim istəmədiyim şeylər idi və bu üzdən komandadan ayrıldım.

- Nə baş verirdi ki?
- Ev oyunları başlamamış azarkeşlər qışqırmağa başlayırdılar...

- Sizi istefaya səsləyirdilər?
- Bəli. Biz mövsüm öncəsi istədiyimiz futbolçuları ala bilmədik. Yalnız həmyerliniz Rəşad Sadıqovu aldıq ki, bu da gec idi. Rəşadı lap əvvəldən almağımız gərək idi. O, yeni futbolçudur, komandanı tanımır, bu üzdən oynada bilmirsən. Lazımı transferləri həyata keçirə bilməyəndə istədiklərimiz də olmadı.

- Klub rəhbərliyi Sadıqovu mövsüm öncəsi almadı, yoxsa?
- Biz Rəşadın sərbəst futbolçu olduğunu bilmirdik. Sadıqov “Qarabağ”ın heyətində Avroliqa oyunlarında iştirak edirdi. Bu üzdən keçidinin baş tutmayacağını zənn edirdik. Ancaq sonradan bizə söylədilər ki, onu ala bilərik, müqaviləsi ilə bağlı problem yoxdur. Biz də bundan sonra Rəşadın keçidini həll etdik.

- Rəşad sizin vaxtınızda 3 oyunda sərəncamınızda olsa da, meydana buraxmadınız...
- Əslində, Rəşadın mənim vaxtımda 3 yox, 2 oyunda oldu. “Bursaspor”la səfər görüşünü nəzərdə tutmuram. Çünki Sadıqov yığmanızın heyətində Almaniyaya 1:6 hesablı məğlubiyyətdən sonra düşərgəmizə yorğun dönmüşdü. Üstəlik, onun yeni olduğunu nəzərə alsaq, çempionla görüşə buraxa bilməzdik. Rəşad həmin vaxt bizimlə hazırlıq keçmədi, yalnız bir məşqə çıxmışdı. Yəni, biz onu “sındırmaq” istəmədik. Rəşadın komandamıza uyğunlaşması üçün vaxt lazım idi. 1-2 həftə sonra oynayacaq.

- Ancaq transfer etdiyiniz futbolçunu bircə dəfə də oynatmaq sizə qismət olmadı...
- Bu, önəmli deyil. Rəşadın problemi yoxdur və bundan sonra oynayacaq.

- Rəşad sizin gedişinizdən sonra əsas heyətdə möhkəmlənə biləcəkmi?
- Bəli. Fikrimcə, yaxşı hazırlaşsa, oynayar.

- Siz müdafiənin mərkəzində, yəni Sadıqovun mövqeyində legionerlər – Vuşko və Nadareviçi oynadırdınız. Onları Rəşad güclü sayırsınız?
- Yox. Rəşad onlardan daha cəld futbolçu idi. Sadəcə, komandada yeni futbolçu olduğundan vaxta ehtiyac var idi. Artıq problem yoxdur, futbolçuları tanıyır, komandanı, taktikanı bilir və meydana çıxar.

- Sadıqovu komandaya siz transfer etmisiniz. Maraqlıdır, istefanızdan sonra Rəşad “Əskişəhərspor”da qalacaqmı?
- Təbii ki. Siz onun qalmasını istəyirsiniz?

- Əlbəttə. Sadəcə, məsələ ondadır ki, yeni baş məşqçi gələndə əvvəlki çalışdırıcının transfer etdiyi futbolçuların oynaması ilə problem yaranır...
- Rəşad uşaq deyil, onlara lazım olacaq.

- Necə hesab edirsiniz, “Əskişəhərspor”un yeni baş məşqçisi olacaq?
- Vallah, bilmirəm.

- Bəs sizi kimi istərdiniz?
- Mən bu işlərə qarışmaram. Çünki bu, mənə aid məsələ deyil.

- Hazırda təklifləriniz var?
- İndi yoxdur. Hələ ki dincəlirəm.

Mehman SÜLEYMANOV