“Azərbaycan futbolunun səviyyəsi inkişaf etmək üçün yetərli deyil”
29.09.2010 - 13:24
“Azərbaycan futbolunun səviyyəsi inkişaf etmək üçün yetərli deyil”
“Sözsüz ki, Ukraynaya qayıtmaqla, düzgün addım atdım. Səmimi deyirəm, “Bakı”da yaxşı məvacib alırdım. Azərbaycan çempionu oldum, avrokuboklarda oynadım”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı” klubunun sabiq braziliyalı futbolçusu Vilyam Roşa Batista deyib.

2009-cu ilin qışında Azərbaycana gələn hücumçu “zolaqlılar”ın həmin mövsüm çempion olmasında vurduğu həlledici qollarla böyük rol oynadı. Həmin ilin yayında Çempionlar Liqasının oyunlarından sonra Ukraynaya, Lvov “Karpatı”sına qayıdan Batista hazırda Avroliqanın qrup mərhələsində iştirak edir.

O bildirib ki, “Bakı”da işləri yaxşı getsə də, daha güclü çempionatda oynamağı üstün tutub: “Azərbaycan futbolunun səviyyəsi oyunçunun inkişaf etməsi üçün yetərli deyil. Mənim sevimli şəhərə, sevimli komandaya qayıtmaq imkanım yarandı. Bu səbəbdən atdığım addımla təəssüflənməyimə səbəb yoxdur”.

Qeyd edək ki, “Karpatı” “Qalatasaray”ı mübarizədən kənarlaşdıraraq, qrup mərhələsinə çıxıb.