Vurğun Hüseynov: “Turan”ın heyətində olduğuma görə üzülürəm
29.09.2010 - 14:36
Vurğun Hüseynov: “Turan”ın heyətində olduğuma görə üzülürəm
“Baş məşqçi dəyişikliyi ilə bağlı bir şey deyə bilmərəm. Buna prezidentimiz Musa Süleymanov qərar verib. O, “Bakı”ya 1:3 hesabı ilə uduzduğumuz görüşdən sonra Sakit Alıyevi vəzifəsindən kənarlaşdırdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun kapitanı Vurğun Hüseynov deyib.

O bildirib ki, komandanın cari mövsümdə zəif çıxışına görə yalnız baş məşqçi Sakit Alıyevi günahlandırmaq düzgün olmazdı: “Əlbəttə, nəticəni baş məşqçidən tələb edirlər. Biz qələbə qazanmaq üçün əlimizdən gələni edirik. Ancaq kollektiv oyunumuz alınmır. Meydanda 5-6 nəfər yox, hamılıqla mübarizə aparmaq lazımdır. Necə deyərlər, güc birlikdədir, çəkici bir nöqtəyə vurmaq lazımdır. Ancaq biz hələ kollektiv oyun göstərə bilmirik və bu üzdən zəif nəticələrə imza atırıq. Ancaq inanıram ki, bu uğursuz zolaq çıxacağıq. Yeni baş məşqçimiz Revaz Dzodzuaşvilinin təyinatı haqda bir şey deyə bilmərəm. Gürcü mütəxəssis buna qədər Alıyevə məsləhətlərini verirdi”.

Tovuz futbol məktəbinin yetirməsi olan gənc müdafiəçi “Qəbələ”də çıxışını bitirdikdən sonra cari mövsümdə doğma komandaya qayıtdı. Hərçənd Hüseynovun “Xəzər Lənkəran”a keçəcəyi gözlənilirdi. Ancaq “Turan” müqaviləsi olan Vurğunu buraxmadı və nəticədə yığmamızın üzvü autsayder komandada oynamalı oldu: “Əlbəttə, milli komandanın futbolçusu kimi autsayderin heyətində yer aldığıma görə üzülürəm. Ancaq bildiyiniz kimi, problemlərim var idi. İnşallah, gələn yay müqaviləm bitəndən sonra daha güclü komandada oynamaq istəyirəm. Buna qədər öz üzərimdə daha çox çalışacağam. Yığmanın Bakıdakı qısa müddətli toplanışında iştirak etdim. Deyərdim ki, hazırlıq yaxşı keçdi. Baş məşqçi əsasən taktiki hazırlığa diqqət yetirirdi. Bu gün toplanışı başa vuraraq, klubumuza buraxıldıq”.

Mehman SÜLEYMANOV