Torres: “Turan”, MOİK və “Simurq”a qarşı oynamaq daha çətindir
29.09.2010 - 16:02
Torres: “Turan”, MOİK və “Simurq”a qarşı oynamaq daha çətindir
“Çoxları bizim Zaqatalada 2-3 top fərqi ilə qələbə qazanacağımızı düşünür. Ancaq mən belə fikirləşmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin argentinalı futbolçusu Kristian Torres deyib.

Ötən tur doğma meydanda iddialı “Qarabağ”ı əliboş yola salan Qəbələ təmsilçisi ardıcıl ikinci qələbəsini qazanmaq niyyətindədir. Səfərdə “Simurq”la qarşılaşacaq Toni Adamsın komandası oyuna ciddi yanaşır. Qəbələ təmsilçisinin argentinalı legioneri Kristian Torresin açıqlamalarından belə qənaətə gəlmək olar: “Nəzərə alsaq ki, “Simurq”la səfərdə qarşılaşırıq, deməli çətin oyun olacaq. Çünki onlar doğma meydanda hər bir komandaya müqavimət göstərir, sonacan mübarizə aparırlar”.

25 yaşlı futbolçu iddialılardan fərqli, zəif rəqiblərlə görüşlərin daha çətin keçdiyini vurğulayıb. O, bu cür komandaların daha çox müdafiə futboluna üstünlük verdiklərini qeyd edib: “Sözün açığı, “Turan”, MOİK və “Simurq” kimi komandalara qarşı oynamaq daha çətindir. Çünki müdafiə futboluna üstünlük verirlər. Bizim oynamağımıza imkan vermirlər. Ancaq iddialılarla görüşlərdə açıq futbol olur və tamaşaçılar maraqlı futbolun şahidi olurlar. Həm də, baş məşqçi dəyişikliyindən sonra hər bir komanda bizə qarşı daha əzmlə oynayırlar. Özlərini sübut etməyə çalışırlar”.