Lənkəranda revanş matçı: “Neftçi”nin qəlbi “Bakı” ilə döyünəcək
30.09.2010 - 10:51
Lənkəranda revanş matçı: “Neftçi”nin qəlbi “Bakı” ilə döyünəcək
Unibank Premyer Liqasının cari mövsümündə ilk dəfə tura cümə günü start veriləcək. Apasport.az saytının məlumatına görə, VIII tur milli komandamızın Avro-2012-də oyunları ilə əlaqədar tez başlayacaq.

Ardıcıl ikinci həftə turun mərkəzi oyunu Lənkəranda keçiriləcək. “Xəzər Lənkəran” yenə paytaxt təmsilçisini - “Bakı”nı qonaq edəcək. Düzdür, cənub təmsilçisinin növbəti görüşü “Neftçi” kimi derbi olmasa da, hər halda, prinsipiallıq az deyil. Bu mənada ötən mövsümün sonunu yada salmaq kifayətdir.

Əslində, bu komandaların görüşü həmişə gərgin mübarizə şəraitində keçib. Keçən mövsümün sonunda isə bu pik nöqtəsinə çatdı. Son tura vahid lider kimi çıxan “Xəzər Lənkəran”ın çempion olması öz əlində idi. Ancaq evdə “Bakı”yə 0:1 hesabı ilə uduzan cənublular sonda heç mükafatçılar sırasına düşə bilmədi. Premyer Liqanı 4-cü pillədə başa vuran “Xəzər Lənkəran”ın son şansı ölkə kubokunun qazanmaqla azarkeşlər qarşısında bəraət qazanmaq idi. Özü də rəqibin “Bakı” olması əvəz çıxmaq imkanı yaradırdı. Ancaq yenə meydanı məğlub (1:2) tərk edən “ağ-yaşıllar” həlledici mərhələdə “zolaqlılar”la hər üç görüşdə yenilərək, sonda mövsümü boşa verdi. Kubokun əlavə vaxtında xorvatiyalı yarımmüdafiəçi Ernad Skuliçin Kamran Ağayevin qapısından keçirdiyi kuryoz qol zamanı “Fair Play” qaydalarının pozulması xeyli müddət böyük müzakirələrə səbəb oldu.

Yenə “Bakı” ilə ev oyunu öncəsi vahid lider olan “Xəzər Lənkəran” prinsipial görüşdən nəhayət, qalib ayrılmağa çalışacaq. Artıq komandaların baş məşqçiləri də dəyişib. “Xəzər Lənkəran”da Ağasəlim Mircavadovu rumıniyalı Mirça Rednik, “Bakı”da türkiyəli Cüneyt Biçəri almaniyalı Vinfred Şafer əvəzləyib. Ölkəmizdə çıxışına “Xəzər Lənkəran”da başlayan, üç il oynayan braziliyalı futbolçu Juninyo Osvaldo indi rəqib düşərgədir. Ancaq 3 barmağı birdən sınan yarımmüdafiəçinin qolu sarıqdadır və gələn həftəsonu məşqlərə başlayacaq.

Sabah keçiriləcək “Neftçi” AZAL oyunu isə turnir cədvəli baxımından maraqlı olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda “qonşular” görüşəcək. “Neftçi” Lənkəranda məğlubiyyətdən sonra 2-ci yerə düşdü, AZAL isə “İnter”in Gəncədə büdrəməsindən istifadə edərək 3-cü pilləyə yüksəldi. Cari mövsümdə inamlı təsir bağışlayan “təyyarəçilər” həmşəhərlilərinə qalib gələrsə, 2-ci pilləni onun əlindən alacaq.

1 oktyabr

16:00. "Simurq" - "Qəbələ"

Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

18:00. "Neftçi" - AZAL
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

18:00. "İnter" - "Muğan"
Bakı. "Şəfa" stadionu

2 oktyabr

16:00. "Turan" - "Qarabağ"
Tovuz. Şəhər stadionu

16:00. MOİK - "Gəncə"
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

19:00. "Xəzər Lənkəran" - "Bakı"
Lənkəran. Şəhər mərkəzi stadionu